255
Ölkə 22 İyul 2021, 15:30

“İndiyə qədər belə fəlakətlə qarşılaşmamışdıq...”

Xəbər verildiyi kimi, iyulun 18-də güclü leysan yağışları nəticəsində Lerikin 15 kəndində onlarla təsərrüfatı, həyatyani sahələri sel suları basıb. İri və xırdabuynuzlu mal-qaranı, ev quşlarını, 350-dən çox arı ailəsini sel aparıb. Kənddaxili yollarda böyük yarğanlar yaranıb, yollar dağılıb. İlkin məlumata görə, 180 hektar kartof, 65 hektar meyvə bağı, 45 hektar tərəvəz sahəsi sıradan çıxıb.

Rayonun Kələxan kənd icra nümayəndəsi Qəhrəman Quliyev virtualaz.org-a bildirib ki, kənddə 250-dən çox təsərrüfata zərər dəyib. 5 iri mal-qaranı, onlarla ev quşunu sel aparıb.

“Kənd sakinlərinin qış üçün yığdığı aquzə, eləcə də ot bağlamalarını sel aparıb. Bir neçə evdə anbar, tövlələr yararsız hala düşüb. Sel kartof, taxıl sahələrini məhv edib, kəndarası yollar dağılıb. Bundan əlavə, su boruları, işıq xəttləri sıradan çıxmışdı”, -kənd icra nümayəndəsi bildirib.

Q.Quliyevin sözlərinə görə, kəndin 500-dən çox sakini var, əksəriyyət seldən zərər çəkib: “İndiyədək belə təbii fəlakətlə rastlaşmamışdıq. İki saat yağan yağış böyük miqyasda zərər vurdu”.

Lerik rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Habil  Məlikov isə bildirib ki, 3 gündür dəymiş zərər araşdırılır, hələ də müraciətlər daxil olur.

“Daha çox fərdi təsərrüfatlara zərər dəyib. Araşdırmanın nəticəsi günün sonunadək təqdim ediləcək”,-Məlikov deyib.  O, əlavə edib ki, sel 15 kənddə işıq, qaz, rabitə xəttinə ciddi ziyan vurub. İlkin olaraq kommunal xidmətlər bərpa edilib, yolların təmirinə başlanılıb. Növbəti mərhələdə məhəllədaxili yollara dəymiş zərər aradan qaldırılacaq.

Qeyd edək ki, sabahdan ölkə ərazisində hava şəraiti yenidən pisləşəcək, dağlıq bölgələrdə leysan və daşqınlar gözlənilir.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər