941
Ölkə 11 iyun — 18:43

Bakı restoranlarında gecə saat 12-dən sonra “işə başlayan” virus

Azərbaycan koronavirusa görə karantin rejimini xeyli yumşaldan ölkələrdən biridir. Əhalinin peyvəndlənməsi kampaniyasının xeyli uğurla davam etməsini, yoluxma sayının kəskin azalmasını nəzərə alaraq hökumət bir sıra sərt məhdudiyyətləri, o cümlədən açıq havada maskasız gəzmək qadağasını ləğv etdi. İyunun 10-dan etibarən isə iri ticarət mərkəzləri də daxil olmaqla uzun müddətdir bağlı qalan bir sıra məkanlar, iş yerləri açıldı. (Qeyd edək ki, karantin rejimindən ən çox ziyan çəkən sektorlardan biri də məhz iaşə sektoru olub).

Lakin xüsusi karantin rejimi hələ davam edir və bu rejim çərçivəsində bir sıra qadağalar, yumşaldılmış da olsa, hələ qüvvədə qalır. O cümlədən ictimai iaşə müəssisələrinin məhdud iş rejimində çalışması barədə Operativ Qərargahın tətbiq etdiyi qayda ləğv edilməyib. Mayın 25-nə qədər restoran, kafe və digər iaşə müəssisələri öz müştərilərinə axşam saat 9.00-a qədər yerində xidmət göstərə bilirdilər, daha sonra isə müəssisələr bağlanmalıydı. Mayın 25-dən bu məhdudiyyət bir qədər yumşaldılıb-kafe və restoranlar müştərilərinə axşam saat 12.00-yə qədər yerində xidmət göstərə bilirlər. Amma gecə saat 12-ni keçəndən sonra onların işləməsi karantin rejiminin pozulması deməkdir və iri məbləğlərdə cərimə cəzaları ilə üzləşə bilərlər.

Bu məhdudiyyətin virusun yayılmasının qarşısının alınmasında nə dərəcədə effektiv olduğuna dair hər hansı sübut-dəlil, əlbətdə ki, mövcud deyil. Çünki koronavirus ancaq gecələr dolaşan xəyalət deyil, elə virusdur ki, gecə-gündüz demədən öz qurbanlarını istənilən yerdə yaxalaya bilər. O cümlədən restoranlarda gecə saat 12-yə qədər müştəriləri yoluxdurar. Yəni COVİD-19 konkret iş və istirahət saatları olan virus deyil, bu baxımdan Azərbaycan və digər ölkələrin iş yerlərinə qarşı tətbiq etdiyi saat məhdudiyyətinin ümumi epidemik vəziyyətə hansı  birbaşa təsirinin olduğu da bəlli deyil.

Azərbaycanda isə il yarımlıq fasilədən sonra karantin rejiminin kəskin yumşalması bir sıra beynəlxalq idman yarışlarının da başlaması ilə bir vaxta təsadüf edib. Bakı artıq “Formula-1” yarışlarının növbəti Qran-pri mərhələsini arxada qoyub, bu yarış tamaşaçılarsız da olsa, keçirilib. İndi isə Futbol üzrə Avropa Çempionatı başlayır  və bu çempionatın bir neçə oyununa Bakı ev sahibliyi edəcək. Paralel olaraq Azərbaycan bir sıra qonşu ölkələrlə hava yolu ilə sərnişin daşımalarını bərpa edib, covid-pasportu olan əcnəbilərin ölkəyə gəlişinə icazə verilib və s. Yəni Bakıda yenidən xarici turistləri (o cümlədən futbol azarkeşləri qismində) görmək mümkün olacaq. Elədirsə iaşə müəssisələrinin fəaliyyətinə qoyulan məhdudiyyəti də aradan qaldırmaq lazım gəlmirmi? Axı futbol yarışlarını izləməyə gələnlər üçün ənənəvi istirahət məkanları məhz kafe və restoranlar, pivə barları kimi yerlər olur.

Virtualaz.org bu məsələni Nazirlər Kabinetinin  sözçüsü İbrahim Məmmədova xatırladıb, ondan iaşə müəssisələrinin fəaliyyətinə qoyulan vaxt məhdudiyyətinin aradan qaldırılması ilə bağlı hansı müzakirələrin aparıldığı haqda soruşub.

İ.Məmmədov xatırladıb ki,  Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarı ilə hazırda kafe, restoran və barlarda iş saatı səhər saat 6-dan axşam saat 12-yədəkdir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri  İbrahim Məmmədov bildirib ki, hələlik bar və restoranların iş saatı ilə digər  bağlı qərar və ya rəsmi açıqlama yoxdur.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən isə deyiblər ki, onlara ictimai iaşə mərkəzlərinin iş saatlarının uzadılması üçün indiyədək hər hansısa bir göstəriş verilməyib. Bununla belə oyunlar ərəfəsində ölkəyə gələnlərin rahatlığı üçün iş saatının uzadılması mümkün ola bilər. Amma yaxın günlərdə bu barədə hansısa qərarın olacağı məlum deyil, çünki məsələ təkcə Bakı şəhər İcra Hakimiyyətindən asılı deyil. Yəni Operativ Qərargah bu və ya digər məhdudiyyətin yumşaldılmasını müzakirə edən, qərara bağlayan instansiyadır.

Beləliklə, əcnəbi futbol azarkeşləri gərək Bakı restoran və kafelərinə baş çəkəndə nəzərə alsınlar ki, gecə saat 12-dən sonra onları “xəyalət-virus” haqlamasın deyə vaxtında bu məkanları tərk etmək lazım gələcək...

Virtualaz.org

Xəbərlər