652
Ölkə 12 may — 18:27

“2-3 il əvvələ qədər hətta nazirlər gəlib bizdən nəsə alırdı...”

Pandemiya bir çox sahələrlə yanaşı el sənətkarlarının da işinə təsir edib.  Turizm sektorunun demək olar ki, iflic olması , bir yandan da kafe, çayxana və restoranlarda işlərin zəifləməsi, şadlıq evlərinin, mərasim zallarının fəaliyyyətinin dayanması səbəbindən misgərliklə məşğul olanlar müştərilərinin bir hissəsini itiriblər. Amma sənətkarlar deyirlər ki, digər sahələrə baxanda onlar birtəhər də olsa ayaqda qalmağı bacarırlar. Hətta sərt karantin rejiminin tətbiq olunduğu günlərdə də sifarişləri olub, bekar qalmayıblar.  

Bəlli olduğu kimi Azərbaycanda Lahıc kəndi misgərlik sənətinin beşiyi sayılır, hətta bir neçə il əvvəl Lahıc misgərlik məktəbi YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.  Amma Lahıclı misgərlər təkcə öz kəndlərində deyil, paytaxtda da fəaliyyət göstərirlər. Son bir neçə ilə qədər el arasında “Kömürçü bazarı” kimi tanınan ərazidə onların emalatxanaları olub. Bazar söküləndən sonra üzbəüz küçədə emalatxanalarını açıb  işlərini davam etdirirlər. Hazırda misgər emalatxanalarının yerləşdiyi küçə Bakının “Misgərlər küçəsi” kimi tanınır.

 “Əsas müştərilərimiz çayxanalar, şadlıq evləri, yas mərasim zalları idi”

 Lahıclı usta Mehman Eyvazov 20 ildən artıqdır misgərliklə məşğuldur. Onun sözlərinə görə, misgərlik onların ata-baba sənətləri olub. Bu sənətin sirrlərini  87 yaşınadək dəzgah arxasında  çəkic vuran atasından öyrəniblər.

Usta deyir ki, Lahıclıların inancına görə misgərlik ailə münasibətlərini gücləndirir. Mehman Eyvazovun qardaşları, qardaşı və bacısının övladları da misgərliklə məşğuldular.

Sənətkar deyir  ki, pandemiyadan əvvəl əsas müştəriləri əsasən çayxana, kafe, restoran, şadlıq evləri və  mərasim zalları işlədənlər olub. Ayda ən azı 3-4 samovar, qab-qazan təmirə gətiriblər. 30-40 litrlik samovar, məclis üçün iri mis qazan,  aşsüzən, yaxud kəfkir alanlar da olub. İctimai iaşə müəssisələrində işlərin zəifləməsi onlara da təsirsiz ötüşməyib.    

“Doğrudur, indi də köhnə samovarını təmirə gətirənlər var. Elektriklə işləyən samovarları, çaydanları, qırılmış qab-qazanları  da təmir edirik. Qazancımız azalsa da, dolanışıq var”,-müsahibimiz bildirir.

 Par-par yanan samovarlar, 4-5 min manata...

Emalatxanalarda samovarlarla yanaşı mürəkkəb və incə naxışlarla bəzədilmiş  dolça, güyüm, teşt, məcməi, sini,  aşsüzən, kəfkir, kasa, cam, çıraq, şam və gül qabılar da həm təmir edilir, həm də satılır.  Misgərlər qiymətlərlə bağlı məlumat verirlər.

Sovet dönəmində istehsal olunmuş 40 litrlik samovarlar 700 manata satılır. Eyni tutumlu, 80-100 il yaşı olan samovarların qiyməti isə 2 mindən başlayır. Misgərlər deyirlər ki, əslində, samovarlar misdən deyil, bürüncdən hazırlanır. Lakin nədənsə çoxları qədim samovarların misdən olduğunu güman edirlər. Sarı rəngli, mürəkkəb və incə naxışlarla bəzədilmiş samovarlar isə 4-5 min manatdan ucuz deyil. Satışda hətta 10 min manata dəyərləndirilən  samovar da var.

Mis qazanlar isə həcmi və qədimliyinə görə qiymətləndirilir.  Məsələn, iri mis qazan 1300 manata, aşsüzən 150 manata, kəfkir 100-120 manata, dəmirdən hazırlanmış, üzəri naxışlı güldan 150 manata satılır.

Ustalardan biri söhbətə qoşulub deyir ki, pandemiya dövründə bahalı samovar, yaxud mis qab alan yoxdur, uzaqbaşı 150 manatlıq 5-7 litr tutumlu samovarları sata biliblər. Halbuki son 2-3 ilədək müştəriləri arasında müğənnilər, aktyorlar, iş adamları, hətta nazirlər də olub.

“Əhalidən 10-15 manata alıb dəfələrlə baha satırlar...”

 Texnika inkişaf etdikcə, qədim qablar, samovarlar sıradan çıxır”,Mehman usta belə deyir. Əlavə edir ki, 1990-cı ilə qədər hamının evində ən azı bir, kəndlərdə hətta 3-4 samovar, mis qablar olub. Sonradan kimi kasıblıqdan, kimi də işbazların toruna düşərək samovarını, qablarını satıb.

“Kəndlərdə samovarları alıb Türkiyəyə, İrana daşıdılar, əvəzində elektriklə işləyən çaydanlar, samovarlar alındı. Mis  qabları alıb əritdilər. İndi əhalidə demək olar ki, samovar, mis qab qalmayıb. Yenə də qapı-qapı düşüb qədim qablar alanlar var. Camaatdan 10-15 manata alıb, təmir etdirib dəfələrlə baha satırlar. Qədim qab-qacaqların sayı get-gedə azalır, qiyməti isə qalxır. Başa düşmürlər ki, indiki qablar xəstəlik mənbəyidir, köhnə qabların yerini vermir. Bu samovarların, mis qabların qiymətini bilənlər yenə də alıb evində saxlayırlar. Bilirlər ki, bir neçə ildən sonra əvəzsiz olacaq”, -sənətkar belə deyib.

İş axtarırlar, amma əziyyət çəkib sənət öyrənmirlər

 Eyvazov qardaşları onu deyirlər ki, texnika nə qədər inkişaf etsə də, misgərlərə həmişə ehtiyac var. Pandemiya kimi gözlənilməz hadisələrə baxmayaraq bu sənəti öyrənənlər ac qalmırlar.  

Misgərlik sənətində 12 dəzgahdan istifadə olunur. Hər dəzgahın da bir-iki zindanı, çəkici var. Sənətkarlar etiraf edirlər ki, misgərlik  əziyyət, ağır zəhmət tələb edir. Amma sənətin sirrlərini öyrəndikdən sonra iş tapmaqda çətinlik olmur. Ən azı, çətin həyat şərtlərinin müqabilində yeməyə çörəyin, qaynayan qazanın olur. Ustalar deyirlər ki, gənclərdə bu sənətə maraq getdikcə azalır, çoxları bu sənəti əziyyətli hesab edib daha asan işlər dalınca qaçırlar, yaxud işsizlikdən gileylənirlər...

 Ü.Xudiyeva, İ.Rafiqqızı

Virtualaz.org

 

Xəbərlər