153
Ölkə 19 yanvar — 12:46

“AS Group” şirkətində Vətən müharibəsindən qayıdan əməkdaşlarla görüş

2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycan ordusunun şanlı zəfəri ilə bitən 44 günlük Vətən müharibəsində “AS Group” şirkətinin də əməkdaşları iştirak edib. Həmin vaxt şirkətin 21 əməkdaşı qismən səfərbərliyə cəlb olunub və orduya aparılıb. Onların arasından şəhidlər də olub, qazilər də.

Virtualaz.org xəbər verir ki, bu gün şirkət rəhbərliyi Vətən qarşısında borclarını şərəflə ödəyərək qələbə ilə dönən həmin əməkdaşlarla görüş keçirib və onlara Qarabağda qazanılan zəfər üçün təşəkkür bildirib.

Şirkətdən verilən məlumata görə, “AS Group”-un Vətən müharibəsində iştirak edən əməkdaşlarından Cəlilabad rayon sakini Məmmədov Rəvan İntiqam oğlu və Yevlax şəhər sakini Məmmədov Yusif Vaqif oğlu Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olublar. 

Şirkətin digər iki əməkdaşı Şöhrətzadə Abbas Əliyar oğlu və Cavadzadə Cavad Elşad oğlu Füzuli, Cəbrayıl, Laçın və Şuşanın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib, yaralanaraq Vətən müharibəsinin qaziləri kimi dönüblər.

“AS Group” şirkətinin İkinci Qarabağ Müharibəsində iştirak edən əməkdaşlarının bir qismi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  “Füzulinin azad edilməsinə görə”, “Xocəvəndin azad edilməsinə görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunublar.

Hər şey Vətən üçün!          

 

Xəbərlər