362
Ölkə 23 noyabr — 00:28

Azərbaycanın güləş yığmasında koronavirusa kütləvi yoluxma

Azərbaycan Güləş Federasiyasında (AGF) ölkənin sərbəst güləş komandasında koronavirusa kütləvi yoluxma barədə yayılan məlumatları virtualaz.org-a şərh ediblər.

Federasiyanın mətbuat xidməti sərbəst güləş üzrə Azərbaycan yığmasının bir neçə üzvünün testinin müsbət nəticə verdiyini və onların özlərini təcrid etdiklərini təsdiqləyib. Eyni zamanda, AGF iddia edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq məşqlərdə yalnız əsas millinin güləşçiləri iştirak ediblər. Lakin, əldə etdiyimiz məlumata görə, bu açıqlama həqiqəti əks etdirmir - böyüklər yığmasının üzvləri ilə birlikdə məşqlərdə yeniyetmə və gənclər də iştirak ediblər ki, bu da pandemiya dövründə Azərbaycanda qəti qadağandır.

Bunu başa düşmək üçün bu ilin oktyabr ayında çəkilən yuxarıdakı fotoya baxmaq kifayətdir. Zalda eyni vaxtda 100-dən çox adam var və hamısının sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycanın böyüklərdən ibarət yığma komandalarının üzvləri olduğunu söyləmək ən azından sadəlövhlük olardı.

Federasiyadan bildirilib ki, ehtiyat tədbirlərinə baxmayaraq, koronavirus  Olimpiya Güləş Mərkəzinin zalına keçib: “Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur".

**22:35

Sərbəst güləş üzrə Azərbaycan yığmasında COVİD-19 infeksiyasına 10-dan artıq yoluxma halı qeydə alınıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, ölkənin həm aparıcı idmançıları, həm də məşqçi qərargahının nümayəndələri xəstələniblər.

Məlum olduğu kimi, Azərbaycanda qapalı məkanlarda idman yarışlarının və məşqlərin keçirilməsi qadağandır. Yalnız milli komandalara daxil olan idmançılar zallarda məşq edə bilərlər. Amma görünən odur ki, Azərbaycan Güləş Federasiyasında Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunmayıb. Güman edilir ki, güləşçilər və onların məşqçiləri yalnız milli komanda üzvlərinin deyil, həm də yığmaya daxil olmayan idmançıların buraxıldıqları məşqlər zamanı kütləvi şəkildə yoluxublar.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının nümayəndələri koronavirus testindən keçdikdən sonra vəziyyət daha da pisləşə bilər. Klassiklərin isə virusa qarşı sabah test ediləcəkləri gözlənilir.

Qeyd edək ki, qadın güləşi üzrə Azərbaycan yığmasının məşqçisi İsaməddin Hüseynov koronavirusun qurbanı olub. 46 yaşlı mütəxəssis bir neçə gün bundan əvvəl dünyasını dəyişib.

Onu da əlavə edək ki, Azərbaycan güləşçiləri dekabrın 12-dən 18-dək Belqradda keçiriləcək fərdi Dünya Kubokunda iştirak etməyi planlaşdırırdılar. Yığmamız bu yarışa hazırlaşsa da, indiki halda hazırlıq faktiki olaraq pozulub.

Elmir Əliyev

Virtualaz.org

Xəbərlər