2137
Ölkə 30 sentyabr — 19:17

Fərhad Əhmədov bütün azərbaycanlıları ordunu və prezidenti dəstəkləməyə çağırdı

Azərbaycan əsilli rusiyalı milyarder, keçmiş Rusiya senatoru Fərhad Əhmədov Qarabağda gedən müharibə ilə bağlı xalqa müraciətlə çıxış edib. Habelə Azərbaycana gələrək ordumuza, yaralıların müalicə olunduğu hospitallara sovqat göndərilməsi kampaniyasına başlayıb.

Virtualaz.org xəbər verir ki, biznesmen özünün Facebook səhifəsində yerləşdirdiyi müraciətində bildirir.

-Əziz həmvətənlər!

Bütün azərbaycanlıların bir nəfər kimi sıx birləşməsinin və bizim təcavüzkarlar tərəfindən işğal edilən  tarixi torpaqlarımızın azad edilməsini başladan Azərbaycanın Ali Baş komandanını, ordunu dəstəkləməsinin vaxtı çatıb.

Başqasının torpağına gəlib yerləşənlər azərbaycanlılar deyil, qanunsuz işğalı bütün yollarla qanuniləşdirməyə can atan da azərbaycanlılar deyil, onilliklər boyu bir-birinin ardınca danışıqları pozan və beynəlxalq vasitəçilərə məhəl qoymayanlar da azərbaycanlılar deyildi.

Bizim düşmənlərimiz ermənilər yox, nizamlama prosesini şüurlu şəkildə dalana dirəyən, bütöv nəsilləri nifrət və illüziyalarla yetişdirən avantüristlərdir.

Mənim bütün düşüncəm, hisslərim və dualarım bu günlərdə haqlı döyüş aparan  əsgərlərimiz və zabitlərimizlədir. Ədalət bizim tərəfimizdədir və deməli qələbə də bizim olacaq!

Bu müraciətin ardınca Fərhad Əhmədov Göyçayda sahibi olduğu “AzNar” QSC-də ordumuza  müəssisənin istehsal etdiyi məhsullardan və əsgərlərimizə gərək ola bilən digər zəruri əşyalardan ibarət sovqatın göndərilməsi kampaniyasını başladıb. “AzNar” QSC-dən əməkdaşmıza bildiriblər ki, üç gündür F.Əhmədovun rəhbərliyi ilə hərbi hissələrə, hospitallara yardım bağlamaları yola salınır. Bağlamalarda müəssisənin istehsal etdiyi  ağ üzüm və nar şirələri, göyəm kampotu, şaftalı cemi, o cümlədən müəssisənin vəsaiti ilə alınan siqaret, corab, papaq, alışqan, birdəfəlik üzqırxanlar yer alır.

Üç gün ərzində yola salınan yardımların ümumi dəyəri 100 min manatı keçib, yaxın günlərdə isə bu məbləğ daha da artacaq və 250 min manata çatacaq. Lakin “AzNar” QSC –dən bildiriblər ki, F.Əhmədovun tapşırığı ilə onlar Qarabağda müharibə başa çatana qədər bu kampaniyanı davam etdirəcəklər.

Sovqatların qablaşdırılmasında və yola salınmasında biznesmen özü şəxsən iştirak edib.

Xatırladaq ki, F.Əhmədov əvvəllər də Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti göstərib, hər il xeyriyyəçilik işlərinə milyonlarla dollar ayırıb.

 

Virtualaz.org

Xəbərlər