2046
Ölkə 19 sentyabr — 20:17

“Ermənistan yeni müharibəyə hazırlaşır, təmas xəttinə qüvvə cəmləşdirir...”

“Ermənistan aqressiv dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

Bu sözləri prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

Prezident deyib: “Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

İlham Əliyev əlavə edib ki, Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Bu, onların konstitusiyasında öz əksini tapıb, təsbit edilib. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir.

Dövlət başçısı deyib: “Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən, onu necə ittiham edə bilərsən?! Sən heç olmasa öz potensialına da bax, Türkiyənin potensialına da bax.

Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Ulu öndər Heydər Əliyev demişkən, “bir millət, iki dövlət” prinsipi əsasında, bütün məsələlərdə bir yerdəyik. Hər bir məsələdə bir-birimizin yanındayıq”.

 

Xəbərlər