286
Ölkə 10 avqust — 16:57

“Daniz Travel”in direktorunun cinayət işi məhkəməyə göndərildi

“Daniz Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Azadə Səfərovanın qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında araşdırma aparılmaqla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə virtualaz.org-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, aparılmış istintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlara əsasən Azadə Səfərovaya həmin Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 30 iyul 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.

Xəbərlər