384
Ölkə 4 avqust — 18:27

Alternativ və bərpa olunan mənbələrdən alınan enerji: “Azərenerji” əngəl yaratmır, əksinə...

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş energetika strategiyasının əsas istiqamətlərindən biridir. İndiyədək bu sahədə dövlət investisiyaları hesabına layihələr həyata keçirilirdi, indi isə artıq xarici şirkətlər də Azərbaycanda alternativ enerji sahəsinə yatırım qoymağa maraq göstərməkdədir. Bəlli olduğu kimi bu yaxınlarda Səudiyyə Ərəbistanının “ACWA Power” və  Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə Azərbaycan hökuməti arasında külək və genəş elektrik stansiyalarının tikintisinə dair ümumi həcmi 400 milyon dollar təşkil edən müqavilələr imzalanıb. Xarici investorların bu sahəyə marağının artacağı gözlənilir.

Lakin bəzi ekspertlərə, KİV-lərdə dərc edilən məqalələrdə səslənən fikirlərə görə Azərbaycanın qeyri-dövlət və özəl sektora məxsus alternativ və bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə qoşulmasında problemlər var. İddia olunur ki, bu problemlər inhisarçı səhmdar cəmiyyətlərdən qaynaqlanır.

Bəs əslində necədir? Virtualaz.org mövzu ilə bağlı sahə üzrə mütəxəssislərlə araşdırmalar aparıb və belə məlum olur ki, əslində qeyri-dövlət və özəl sektora məxsus alternativ və bərpa olunan enerji mənbələrinin ölkənin ümumi elektrik şəbəkəsinə qoşulmasında heç bir problem yoxdur. Əksinə həm “Azərenerji”, həm də “Azərişıq” bu məsələdə maraqlıdır. Bu isə səbəbsiz deyil. 

Belə ki, hazırda alternativ mənbələrdən alınan  enerjinin ümumi sistemə ötürülməsi ilə bağlı heç bir problem yoxdur.Çünki bu gün Azərbaycanda 20-yə yaxın alternativ və bərpa olunan elektrik stansiyası var ki, hamısı birbaşa şəbəkəyə qoşulub. Hətta elə stansiyalar var ki, enerjini istehlakçıya birbaşa özü ötürür. Ortaya belə bir sual çıxır – elə bir alternativ və bərpa olunan mənbələrlə işləyən elektrik stansiyası varmı ki, şəbəkəyə qoşulmasın və ya qoşulmasında problem yaransın”? Məlum olur ki, bir dənə də olsun belə fakt mövcud deyil, olmayıb. 

Ancaq bu başqa mövzudur ki, indiyədək ölkədə həyata keçirilən bir çox alternativ enerji mənbələrindən istifadə layihələri özünü doğrultmayıb. Digər tərəfdən qeyri-dövlət generasiya mənbələrinin istehsal edilən enerjinin hamısının onlardan satın  alınaraq ümumi şəbəkəyə ötürülməli olduğu haqda hansısa məcburedici normativlər mövcud deyil.

Çünki hasil edilən və ötürülən enerji əsas etibarı ilə mənbənin yaxın ətrafı, o cümlədən ümumi ölkə tələbatına bağlıdır. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda  də qış, payız, yaz və yayda o cümlədən gecə və gündüz enerjiyə tələbat artıb-azalır. Ancaq bütün bunlara baxmayaraq “Azərenerji” istənilən halda özü də alternativ enerji mənbələrinin çoxalmasına, lazımı səviyyədə işləməsinə maraqlıdır və hazırda kiçik su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan generasiya mənbələri yaradılır. 

Bu məqamda qeyd etmək olar ki, ölkənin və ümumilikdə Cənubi Qafqazın ən böyük külək elektrik stansiyası olan 50 meqavatlıq “Yaşma” Külək Elektrik Stansiyasının 2009-cu ildə tikilməsinə baxmayaraq işləməməsi və məhz Prezident Sərəncamından sonra 2017-ci ildə “Azərişıq”a verilməsindən sonra cəmi 7 ay ərzində ən yüksək səviyyədə yenidən quruldu.

Hazırda  “Yeni Yaşma” KES-in istehsalı ümumilikdə ölkənin alternativ və bərpa olunan enerji istehsalının yarıdan çoxunun üzərindədir. Deməli, generasiya mənbəyinin dövlət və ya qeyri-dövlət obyekti olmağından asılı olmayaraq onun işləməsində “Azərenerji” və “Azərişıq” daha çox maraqlıdır və bu sahənin inkişafı onlara sərf edir. O cümlədən “Azərenerji ” xarici investorlar tərəfindən tikiləcək 420 meqavat gücündə külək və günəş elektrik stansiyalarının ərsəyə gəlməsi üçün də lazımı dəstəyi verir. Bununla bağlı Prezident tərəfindən imzalanan sərəncama uyğun olaraq enerjini ötürülməsi ilə bağlı istehsalçı və ötürücü qurum olan “Azərenerji” üzərinə düşəni yerinə yetirir. 

Başqa sözlə “Azərenerji” ASC  ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafında birbaşa maraqlıdır. Çünki, ölkədə su probleminin yaşandığı, pik saatlarda tələbatın ən yüksək səviyyəyə çatdığı və ümumi tələbatın ildə orta hesabla 150-200 meqavat artdığı bir zamanda istənilən investor tərəfindən alternativ enerji mənbələrinin yaradılması, ölkədə enerji təminatına və xaricə enerji ixrac edilməsinə məsuliyyət daşıyan qurum olaraq məhz “Azərenerji” üçün birbaşa vacibdir.

Virtualaz.org

Xəbərlər