389
Ölkə 7 iyul — 18:00

Koronavirusa görə 1 000-dək məhkum vaxtından əvvəl azadlığa buraxılıb

Pandemiya dövründə 1 000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

Virtualaz.org bildirir ki, bu barədə Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə keçirilən videokonfransda məlumat verilib.

Bildirilib ki, həbs edilmiş 429 şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15 yaxın dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə "Ədliyyə orqanlarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri" mövzusunda videokonfrans formatında görüş keçirilib.

Nazirliyin struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizdə COVİD-19 infeksiyasına qarşı aparılan qəti tədbirlərdən bəhs olunub, ədliyyə orqanlarında pandemiya ilə mübarizədə görülən işlərdən danışılıb.

Məlumat verilib ki, nazirlik tərəfindən ədliyyə qurumlarında, xüsusilə penitensiar müəssisələrdə davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən ədliyyə xidmətləri, habelə beynəlxalq hüquqi yardımın həyata keçirilməsi elektron qaydada təşkil edilib, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilib.

Həmçinin, qlobal pandemiya şəraitində Ali Məhkəmənin tövsiyələrinə uyğun olaraq məhkəmələr karantin rejiminə uyğun faəliyyət göstərib. Eyni zamanda, yenilik olaraq qeyri-cinayət işləri üzrə məhkəmə prosessləri onlayn rejimdə videokonfrans formatında da keçirilib.

Görüşdə həmçinin, nazirliyin Tibb baş idarəsi tərəfindən fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan məhkumların, istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş şəxslərin müayinəsinə xüsusi diqqətlə yanaşıldığı bildirilib. Məhkumların sağlamlığına, tibb, dərman və digər təminatlarına monitorinqlər aparılmaqla gündəlik nəzarət olunduğu, bu məqsədlə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Xəbərlər