319
Ölkə 31 may — 10:35

Milli Məclisin yaz sessiyasının son iclası

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Virtualaz.org-un məlumatına görə, iclasın gündəliyi dəyişib-müzakirə olunacaq məsələlərin siyahısına İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi də daxil edilib. Bununla da gündəlikdəki məsələlərin sayı 12-yə çatıb.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Bundan başqa, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi, “Dövlət rüsumu haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” və s. qanunlara dəyişikliklər də müzakirə olunacaq.

Xəbərlər