337
Ölkə 27 may — 10:29

Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, rayonda yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, 2009-cu il təvəllüdlü övladı A.Z-nin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə A-Z.-nin atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxması onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.

Bakı Şəhər Baş Polis İdarəsindən sayta bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Xəbərlər