1113
Ölkə 29 mart — 19:16

Bakıda polis poçt şirkətinin avtomobillərini saxladı

Bakıda yol polisi əməkdaşları paytaxtda poçt xidməti kimi fəaliyyət göstərən "FedEx" və "UPS" şirkətlərinə məxsus avtomobilləri saxlayıblar.

Bu barədə "Report"a birləşmiş “FedEx – TNT” şirkətinin maraqlarını Azərbaycanda təmsil edən “Azeriexpress” şirkətinin direktoru Şaiq Qəribzadə deyib.

O bildirib ki, bu gün "FedEx" və "UPS" şirkətlərinə məxsus avtomobillər iş başında olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb:

"Polis əməkdaşları sürücülərə xəbərdarlıq edərək bildirib ki, sabah yenidən avtomobili idarə etsələr saxlanılaraq cərimələnəcəklər. Əməkdaşlar da polislərə poçt şirkətində çalışdıqlarını, ərzaq, dərman çatdırdıqlarını söyləyiblər. Polislər isə onlara cərimələnəcəklərini, daha sonra isə 30 sutkalıq həbs ediləcəklərini bildiriblər.

Mən bu barədə Baş Nazir Əli Əsədova da məktub yazıb hazırlamışam. Məktubumda qeyd etmişəm ki, əgər ölkədə fövqəladə vəziyyət olunarsa, siz həmin qərarda fəaliyyət göstərəcək qurumların içərisində poçt şirkətlərini də nəzərə alasınız. Çünki qərarda nəqliyyat vasitələri qeyd edilib. Polis isə deyir ki, "siz nəqliyyat vasitəsi deyilsiz, poçt xidməti kimi fəaliyyət göstərirsiz". Qərarda poçt sözünün yazılmasını xahiş edirəm".

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Report"a bildirib ki, poçt şirkətinə məxsus avtomobillərin sərbəst hərəkətinə icazə verilir:

"Onlar operativ nəqliyyat vasitəsi hesab olunur. Heç bir polis əməkdaşı həmin nəqliyyat vasitəsini saxlaya bilməz".

"Ölkədə fövqəladə vəziyyət elan olunarsa, poçt avtomobillərinin hərəkətləri məhdudlaşdırılarmı" sualına K.Əliyev belə cavab verib:

"Fövqəladə vəziyyət olan zaman konkter elan edilir ki, kimlərin hərəkət eləmək ixtiyarı var, onlara da xüsusi buraxılışlar verilir. Bununla bağlı uyğun qaydalar qəbul olunur. Bunu indidən demək olmaz. Hazırda tələb edilən qərar hansıdırsa, onu da icra etmək lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu hüdudlarında bütün nəqliyyat vasitələrin hərəkətləri sərbəstdir. Ona görə də heç kəs heç nə deyə bilməz. Lakin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan kənara çıxmağa icazə verilmir. Qərarda qeyd edilib ki, istisna nəqliyyat vasitələri həmin hüdudlardan kənara çıxa bilər. Həmçinin də poçt avtomobilləri".

Xəbərlər