870
Ölkə 28 mart — 20:50

“Dörd, beş ulduzlu bütün otellər karantində saxlanılanların ixtiyarına verildi...”

Prezident İlham Əliyev bu gün Bakıda “Yeni klinika”nın açılışında çıxışı zamanı ölkədə dörd, beş ulduzlu bütün otellərin koronavirusa görə karantində saxlanılan insanların ixtiyarına verildiyini açıqlayıb. Və otellərini bu məqsədlə ayıran sahibkarlara təşəkkür edib.

Sitat:

-Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır.

Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik.

Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz. Ona görə əvvəlki dövrlərdə qəbul edilmiş bütün qərarlar vəziyyətə uyğun verilirdi, o cümlədən ictimai iaşə obyektlərinin iş qrafikinin məhdudlaşdırılması da. Çünki biz başa düşürük ki, insanlar artıq buna öyrəşib, bəzi insanlar artıq öz evlərində yemək bişirmirlər, gedirlər ictimai iaşə obyektlərində qidalanırlar. Biz başa düşürdük ki, bəri başdan bu obyektləri bağlamaq olmaz. Biz tədricən bunu etdik, iş rejimini məhdudlaşdırdıq. Amma indi görürük ki, bu obyektlər koronavirus xəstəliyinin yayılmasında əfsuslar olsun böyük rol oynayır. Ona görə sabahdan etibarən bu obyektlər öz fəaliyyətini dayandırır. Biz bu elanı dünən axşam verdik ki, o obyektlərin sahibləri üçün müəyyən vaxt olsun, öz işlərini sahmana salsınlar, öz obyektlərinin fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görsünlər. O cümlədən ticarət obyektlərinin sahiblərinə də bir gün yarım vaxt verildi ki, öz işlərini sahmana salsınlar. Ona görə biz hər bir qərarı qəbul edərkən həm xəstələri, həm sahibkarları, həm də işləyən insanları düşünürük ki, bu vəziyyətdən az itkilərlə çıxaq.

Xəbərlər