894
Ölkə 20 fevral — 13:52

Bakı metrosunda problem “BakıKart” terminallarından qaynaqlanmır

Bu gün səhər saatlarında Bakı Metropoliteninin bir neçə stansiyasında turniketlərdə yaranan problem “BakıKart” aparatları ilə əlaqədar olmayıb. Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Bu gün səhər Bakı Metropolitenin “Neftçilər” və “Qara Qarayev” stansiyalarında yerləşən “BakıKart” ödəmə terminallarının fəaliyyətində fasilə yaranıb. Buna səbəb terminalların elektirik enerjisinin verilişində müəyyən problemlərin yaranması olub. Problemin “BakıKart” terminallarından qaynaqlanması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir”, - Agentliyin məlumatında qeyd olunur.

*   *   *10:33

Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

Metropolitenin sözçüsü Bəxtiyar Məmmədov virtualaz.org-a bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: “Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.

 

Xəbərlər