1090
Ölkə 18 fevral — 17:06

MSK daha bir neçə məntəqədə seçkilərin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 79 saylı İmişli seçki dairəsindən daxil olmuş müraciətə də baxılıb.

Məsələ barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. Həmin dairədən qeydə alınmış namizədlər Hüseynli İlqar, Əkbərli İltizam və Fərzəliyev Murad müraciətlərində əksər seçki məntəqələrində qanun pozuntularına yol verildiyini qeyd edib və həmin dairədə seçkinin nəticələrinin ləğv edilməsini istəyiblər. İki namizədin araşdırmada iştirakı təmin edilib.

İ. Hüseynli böyük əksəriyyət məntqələrdə seçki pozuntularının olduğunu qeyd edib və araşdırmaya bir ədəd videomaterial təqdim edib. Digər namizəd Fərzəliyev araşdırmaya çoxlu sayda videomaterial, protokollar təqdim edib. Hər videogörüntü üzrə qiymətləndirmə aparılıb. Məlum olub ki, 2 məntəqə üzrə seçki qanunvericiliyinin tələbləri pozulub. Bunlar 14 və 23 saylı məntəqələrdir. Həmçininn 16, 21, 25 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunub.

Beləliklə, MSK qərara alıb ki, sözügedən 5 məntəqədə seçkilərin nəticəsi etibarsız hesab edilsin.

*   *   *16:45

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

Virtualaz.org bildirir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.

O bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. “Araşdırmanın nəticəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillərin olması təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Belə ki, 16 saylı seçki məntəqəsində səsvermənin etibarsız sayılması üçün şərait yaranıb”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Xəbərlər