599
Ölkə 18 fevral — 11:30

“Azərişıq” elektrik enerjisini talayanlara qarşı sərt tədbirlərə başlayır

“Azərişıq” ASC elektrik enerjisindən sayğacdan kənar istifadə edən, yəni enerji oğurluğu ilə məşğul olan abonentlərə sərt xəbərdarlıq edib və onların barəsində hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini açıqlayıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Enerji sektorunda maliyə intizamının gücləndirilməsi programı”nda enerji haqlarının yığılmasının 100 faizə çatdırılması enerji təchizatı müəssisələri qarşısında təxirəsalınmaz vəzifə kimi qoyulub. Və həmin vəzifənin yerinə yetirilməsi üçün “Azərişıq” ASC tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür.

“Uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də mövcuddur və bu, ciddi narahatçılıq yaradır”,-T.Mustafayev deyib.

Onun sözlərinə görə, bəzi istehlakçıların, xüsusən də bir sıra fərdi yaşayış evləri, Mənzil Tikinti , Sənaye və İçtimai iaşə obyektləri, otel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edili. Bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların,xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

“Bütün bunları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq mühafizə orqanlarına müraciət olunacaq, aşkarlanan hallar barədə azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyət məlumatlandırılacaq”,-açıqlamada bildirilir.

Virtualaz.org

Xəbərlər