1665
Ölkə 18 fevral — 10:16

“Sədərək” yarmarkasında baş verən yanğın söndürüldü

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib.

Yanğın saat 08:57-də məhdudlaşdırılıb, saat 09:05-də söndürülüb.

Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Yanğınla əlaqədar qərargah yaradılıb.

*   *   *

9.11

Ticarətçilərdən birinin hadisə yerindən virtualaz.org-a bildirdiyinə görə "Sədərək" Ticarət Mərkəzində bu gün səhər saatlarında başlayan güclü yanğın hazırda lokallaşdırılıb. Yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını ala biliblər. Məlumata görə yanğın bazarın ayaqqabı, pal-paltar və digər məişət mallarının satıldığı 7-ci və 8-ci sıralarını əhatə edib. Bu sıralarda çoxlu sayda mağazanın yandığı bildirilir, hadisə yerinə əlavə yanğınsöndürən briqadaları cəlb edilməkdədir.

***

Bu gün səhər saatlarında Lökbatan yaxınlığında yerləşən "Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.

Virtualaz.org xəbər verir ki, yarmarkanın ayaqqabı satışı hissəsində başlayan yanğın qısa müddətdə böyüyüb və geniş ərazini əhatə etməyə başlayıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb. 

Xəbər yenilənəcək...

Xəbərlər