1091
Ölkə 27 yanvar — 00:04

BDYPİ də avtobus qəzası ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Muğanlı-İsmayıllı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

Virtualaz.org-un məlumatına görə, açıqlamada deyilir ki, 26 yanvarda saat 10:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində Şəki rayon sakini, 1976-cı il təvəllüdlü Quliyev İlham Seyfəddin oğlu idarə etdiyi “VAZ-2106” markalı, 55-BU-249 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən gələn Gürcüstan Respublikasının vətəndaşı Ramazanov Ramil Rəşid oğlunun idarə etdiyi “Mercedes-Benz 0403” markalı, KN-585-AN dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və onun sərnişini, 1985-ci il təvəllüdlü Quliyeva İlahə Əbülfət qızı hadisə yerində həlak olublar, digər iki sərnişini, 2012-ci təvəllüdlü Quliyeva Aysu İlham qızı, 2010-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, eləcə də avtobusun sərnişinləri, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Acalova Xatirə Rafiq qızı, 1959-cu il təvəllüdlü Ramazanova Suvar Şahbaz qızı və 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, onlardan səkkiz yaşlı A.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

*   *   *13:02

Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllıdakı avtobus qəzası ilə bağlı məlumat yayıb.

Bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) də İsmayıllıdakı qəza ilə bağlı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib: "Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya aparılıb. Həmin sərnişinlərdən olan uşaq xəstəxanaya çatdırılanda dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 4 nəfər müalicə alır, vəziyyətləri normaldır".

*   *   *12:17

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Trend-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İsmayıllı yolunun Bilzan kəndi ərazisində qeydə alınıb.

Bakıdan Qəbələyə gedən "Mercedes-Benz" markalı sərnişin mikroavtobusu "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106"da olan 2 nəfər ölüb, avtobusda olan 5 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər