423
Ölkə 21 yanvar — 14:36

16 xidmət növü üzrə 500000-dən çox müraciət

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildə yaradılarkən prezidentin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində intensiv işləyərək istehlakçıların elektrik enerjisi ilə təchizatı və abonentlərə xidmətlərin göstərilməsi üzrə vəziyyəti radikal şəkildə dəyişməyə nail olub.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin virtualaz.org-a bildirdiyinə görə, ölkənin vahid elektrik təchizatı operator-şirkətinin yaradılmasından bu yana keçən 5 ilə yaxın müddət ərzində elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması üçün  ən ucqar dağlıq bölgələri də əhatə edən genişmiqyaslı proqram icra olunmaqdadır.

“Biz bu yenidənqurma proqramının gedişi, hansı işlərin görüldüyü və abonentlərin elektrik enerjisi ilə keyfiyyətli, dayanıqlı şəkildə təmin olunmasında hansı nəticələrin əldə edildiyi barədə vaxtaşırı olaraq ictimaiyyəti məlumatlandırırıq. Hazırda tam əminliklə deyə bilərik ki, Azərbaycan elektrik enerjisi infrastrukturunun vəziyyətinə görə bir çox qonşu ölkələrdən, o cümlədən əksər MDB respublikalarından öndədir. “Azərişıq” ASC prezidentin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq paytaxtdan başlamış ən ucqar bölgələrə qədər infrastrukturu müasir avadanlıqlar, qurğularla yeniləməkdədir. Nəticədə Bakı da daxil olmaqla iri şəhərlərimizdə, bölgələrimizdə biznesin inkişafı üçün əsas şərtlərdən biri olan elektrik enerjisinə əlçatanlıq səviyyəsi yüksəlib. Prezident İlham Əliyevin  də bu günlərdə bəyan etdiyi kimi, Davos Forumunun hesabatına əsasən Azərbaycan elektrik enerjisinin əlçatanlığı üzrə dünyada ikinci ölkəyə çevrilib. Digər mühüm nailiyyət isə şəffaflığın artırılmasıdır. Deyə bilərəm ki, “Azərişıq” ASC hazırda ölkənin ən şəffaf işləyən strukturlarından biridir ”,-T.Mustafayev bildirib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri vurğulayıb ki,  müştəri məmnünlüğünü artırmaq, məmur-vətəndaş təmaslarını minimuma endirmək, şəffaflığı təmin etmək məqsədi ilə ilkin olaraq şirkət 4 xidmət üzrə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyətə başlayıb.

Hazırda isə “Azərişıq” ASC bu mərkəzlərdə 16 xidmət üzrə abonentlərə xidmət göstərir. 2015-ci ildən bu günə qədər 16 xidmət üzrə “Azərişıq” ASC-yə “ASAN xidmət”, ASAN Kommunal, KOB evləri və elektron qaydada yarım milyona yaxın müraciət daxil olub. 

“16 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kilovata qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müraciət edən 6,6 min sahibkarın və 120 min vətəndaşın evinə, bağına və ya həyətinə işıq çəkilib. Göstərilən müddət ərzində obyektin elektrik şəbəkəsinə qoşulması üçün müddət 74 gündən 20 günə, prosedurlar isə 7-dən 2-yə endirilib. İşin yüksək səviyyədə təşkili, operativliyi və keyfiyyəti təmin etmək üçün “Azərişıq” ASC-də ayrıca “ASAN xidmət”lə iş departamenti yaradılıb.  “Azərişıq” mütəxəssislərinin yaratdığı Elekltron Müraciətlərin İdarəolunması Sistemi vasitəsi ilə abonentlərin online  qaydada elektrik təchizatı şəbəkəsinə qoşulması təmin edilib»,-T.Mustafayev qeyd edib.

O, habelə xatırladıb ki, Səhmdar Cəmiyyətin Şəmkir, Mingəçecir, İmişli və Qəbələdə Avtomatik İdarəetmə mərkəzi yaradılıb və mərkəzlərdə quraşdırılan server vasitəsi ilə Elekltron Müraciətlərin İdarəolunması Sistemi “ASAN Xidmət”in işinə inteqrasiya edilib.

Xatırladaq ki, 2019-cu ildə açıqlanan Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünya üzrə ikinci yerdə qərarlaşıb.

Virtualaz.org

Xəbərlər