625
Ölkə 15 yanvar — 12:15

Saleh Məmmədov YAP qərargahında hesabat verdi

“Əvvəllər Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilib. Hazırda isə bu rəqəm xeyli artıb. Son zamanlar bir sıra sənaye məhəllələri və parkları açılıb deyə Bakı-Sumqayıt yolu ilə hərəkət edən avtomobillərin sayı kəskin artıb”.

Virtualaz.org xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O, bildirib ki, hesablamalara görə, hazırda Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Həmin istiqamətində 28 km-lik məsafədə yolun genişləndirilməsi başlayıb. May ayının sonuna - iyuna qədər bu işləri görülüb yol vətəndaşların istifadəsinə veriləcək.

S. Məmmədov həmçinin əlavə edib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər km-i 778 min manata başa gəlməlidir: “Bununla belə, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər. Bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub və burada quraşdırılacaq əlavə avadanlıqların qiyməti də ümumi məbləğinə üzərinə əlavə olunacaq".

AYDA sədrinin sözlərinə görə, Agentlik 2019-cu ildə 51 layihə üzrə 1 080 km yol çəkməli idi. Plan artıqlaması ilə yerinə yetirilib və 1 376 km yol çəkilib. Bu işlərin bir qismi mövcud yolların yenidən qurulması və onların üzərində süni qurğuların quraşdırılması ilə bağlıdır.

S. Məmmədov bildirib ki, bu ilin iyun ayının sonuna qədər Xırdalan şəhərinin mərkəzi yollarının yenidən qurulmasının başa çatdırılması planlaşdırılır. İşlərin vaxtında bitməsi isə hava şəraitindən çox asılıdır.

Saleh Məmmədov həmçinin əlavə edib ki, 2020-ci ilin sonuna qədər Bakının Hövsan qəsəbəsinin əsas yollarının təmirinin başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, sədrin sözlərinə görə, bəzi yollar yenidən tikilməlidir: “Ələt-Hacıqabul yolu 12 ildir ki, istifadəyə verilib. Amma onun tikintisinə 1996cı ildən başlanıb. Bu isə artıq 24 il deməkdir. Bu yol artıq yenidən tikilməlidir. Çünki hər bir yol tikiləndə qarşıdakı 10 il üçün nəzərdə tutulur”.

Ələt-Astara yolunun ödənişli olması məsələsinə gəlincə isə, S. Məmmədov bildirib ki, bununla bağlı konsepsiyanı hazırlanıb və hökumətə təqdim edilib.

Onun sözlərinə görə, bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır: “Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək”, - o qeyd edib.

S. Məmmədov qeyd edib ki, 2012-2014-cü illərdə Azərbaycana Çin istehsalı olan bəzi avtomobillər gətirlib ki, onlar da yalnız asfaltsız-betonsuz yollar üçün nəzərdə tutulub. Amma bu maşınlar asfalt yollarımızda hərəkət edərək infrastukturu məhv edib: “Amma indi həmin avtomobilləri yollarımızda görmək elə də mümkün deyil. Əsasən 2015-ci ildən sonra istehsal edilən Çin avtomobilləri artıb”, - Agentlik sədri deyib.

Virtualaz.org

Xəbərlər