3020
Ölkə 9 yanvar — 15:11

Bakıda icra başçısı şəxsən zirzəmiyə girdi və…

Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində beşmərtəbəli binaların zirzəmilərinə çirkab su dolması, eləcə də yol, avtobus, sahibsiz itlərin, nəzarətsiz buraxılan mal-qaranın tullantıları küçəboyu yayması kimi illərdir həllini tapmayan problemlər haqda sakinlərin virtualaz.org-a ünvanladığı müraciətdən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəsəbəyə gedərək problemləri yerində araşdırıb. İcra başçısı şöbə müdirlərinə, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyinə şikayətlərin ən qısa müddətdə aradan qaldırılmasını tapşırıb. Əməkdaşımız başçının qəsəbəyə gəlişini və sakinlərin şikayətini necə araşdırmasını izləyib. Və gördüklərini yazıb.

Başçının gəlişinə hazırlıq

...İcra başçısının gəlişinə sübh tezdən hazırlıqlara başlamışdı, sakinlər deyirdilər  ki, onların küçəsi indiyədək heç vax belə təmiz olmamışdı. Təmizlik işlərinə hətta mənzil istismar sahəsinin brbaşa bu işlə məşğul olmayan digər əməkdaşları da cəlb edilmişdi. Binaların həyətləri, yol kənarları, bağlar tullantılardan təmizlənirdi. İcra başçısı gələnə qədər zirzəmilərdən çirkab suyunu da  nasoslarla çəkdilər. Təmizlik işçilərindən biri isə sahibsiz itləri kənar məhəllələrə qovmaqla məşğul idi. 

Nəhayət icra başçısı Əziz Əzizov gəlib çıxdı. Lakin sakinlərin ona ilk şikayəti məhz sahibsiz itlər və nəzarətsiz qalmış, həyətlərdə dolaşıb zibil yeşiklərindən özlərinə yem axtaran  mal-qara ilə bağlı oldu. Əziz Əzizov icra hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi Qulam Səfərzadə və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyinə sahibsiz it problemini həll etmək üçün iki gün vaxt verdi: “Mal-qara camaatın dolanışıq yeridir. Amma sahibsiz it məsələsini həll edin, gələn dəfə bu şikayəti eşitməyim”,-icra başçısı qəti tapşırıq verdi.    

135 saylı ərazi mənzil istismar sahəsinin rəisi isə zibil qutuları ilə bağlı məlumat verdi. Dedi ki, ötən gün mənzil istismar sahələrinin iştirakı ilə iclas keçirilib. Qərara alınıb ki, qəsəbəyə üstü qapaqlı zibil qutuları verilsin, sadəcə zibil qutuları üçün ayrılmış yerə beton tökülməsini gözləyirlər. Sakinlərdən biri isə narazılıq bildirdi, dedi  ki, aylardır zibil qutularının ətrafının hasarlanması ilə bağlı vədləri eşidirlər, amma məmurlar üçün xırda, sakinlər üçün qlobal məsələyə çevrilmiş problem aradan qaldırılmır. Zığ kəndindən gələn mal-qara, sahibsiz itlər zibil qutularını aşırır, tullantılar həyətlərə, bloklara qədər yayılır. İnəklər zibilliklə qidalanır, onların südü, qatığı isə elə özlərinə satılır. 

İcra başçısı zirzəmiyə endi və...

Bu şikayətləri dinləyəndən sonra icra başçısı binaların zirzəmisinə dolan su barədə vəziyyəti öyrənmək üçün zirzəmiyə endi və sakinlərin şikayətlərində haqlı olduğunu bildirdi. Amma başçı ilə birlikdə zirzəmiyə enən məmurlardan biri yaman narahat görünürdü, gah əlləri ilə başını ovurdu, gah tez-tez üst-başını çırpırdı. Bu davranışlar Əzizovun gözündən yayınmadı. “Sakinlərin problemlərini yoluna qoymadan heç kimin xəstələnməyə ixtiyarı yoxdur”, -dedi.

 Əzizov əlavə etdi ki, prezident İlham Əliyev özü  şəhərlərdə, kəndlərdə sakinlərlə tək-tək görüşərək problemlərini dinləyir. Ona görə də bütün məmurlar prezidentin bu davranışlarından dərs çıxararaq sakinlərin problemləri ilə yaxından maraqlanmalıdırlar. 

Çoxmərtəbəli binaların arasında qanunsuz tikililər

İcra başçısı sakinlərin şikayətini dinləyir

Qeyd edək ki, son illər qeyri-leqal məskunlaşma nəticəsində Zığda minlərlə ev tikilib. Hətta beşmərtəbəli binaların həyətlərində, yol kənarlarında, işıq, qaz xəttlərinin üstündə, sürüşmə ərazisində də evlər inşa olunub.  Baxmayaraq ki, sürüşmənin aktivləşməsi nəticəsində 500-dən çox fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Başçıya bu problem barədə də danışdılar. İcra hakimiyyətinin nümayəndəsi isə artıq qəsəbədə ev tikintisinə icazə verilmədiyinə rayon rəhbərini əmin etdi. Onun sözlərinə görə, ötən gün binaların birinin həyətində ev tikildiyi ilə bağlı xəbər verilib, dərhal tikili sökülüb. 

Və avtobus problemi

Sakinlər daha bir problem haqda danışdılar, dedilər  ki, on minlərlə insanın yaşadığı qəsəbənin öz avtobus marşrutu  da yoxdur. Camaat Zığ kəndinə, yaxud Hövsana gedən avtobuslardan istifadə edir, dayanacaqdan evlərinə qədər 2-3 kilometrlik kələ-kötür yolla piyada gedirlər. Axşamlar yollarda işıqlar söndürülür, dəfələrlə sahibsiz itlərin hücumuna məriz qalıblar. 

“Keçmiş icra başçısı İlqar Abbasova yol, avtobus və digər problemlərlə bağlı müraciət etmişdik, hətta dəfələrlə qəbulunda olmuşuq. Amma dərdimizə əlac etmədi. Yol olmadığından avtobus verilmir. Bizə istismardan çıxarılmış, amma nisbətən yararlı olan 2-3 avtobus da yetərlidir”,-sakinlər söyləyiblər. 

İcra başçısı isə söz verdi ki, tezliklə yol və avtobusla bağlı əlaqədar qurumlarla danışacaq. Məmurlardan biri Əzizova binaların “Abad Həyət” layihəsinə salındığı haqda məlumat vermək istədi, amma başçı onun sözünü kəsdi: “Belə vəd verməkdənsə problemləri həll etmək üçün nəsə iş görmək lazımdır”.

Sakinlər onu da dedilər ki, yol kənarında yerləşən binadan başqa digər binaların bloklarında qapı-pəncərə yoxdur, pilləkənlər uçub-dağılır, divarlar nəmişlikdən çat verib. Sonuncu dəfə binalarda təmir işləri ən azı 20 il əvvəl aparılıb. Binalardan biri Zığ-Hava limanı yolundan keçərkən kənardan görünür. Ona görə də ora pəncərələr qoyulub, binanın üstü rənglənib ki, kənardan yaxşı görünsün.

Sakinlər onun da bildirdilər ki, prezidentin məmurlara son xəbərdarlıqlarından sonra problemlərinin həll ediləcəyinə inanırlar. Yeni icra başçısının qəsəbəyə gəlişi və şikayətlərini dinləməsi də onların ümidlərini artırıb. 

Beləliklə, icra başçısının problemlər içərisində boğulan qəsəbədə sakinlərlə görüşü başa çatdı və Əzizov rayonun digər problemli qəsəbələrində məsələləri araşdırmağa yollandı. İndi qalır Zığın problemlərinin nə zaman həll olunacağını oturub gözləmək...

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər