513
Ölkə 12 dekabr — 16:32

Bakıda 100 manata görə 18 yaşlı Mehdini öldürən qatil məhkəmə önündə

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Cavid Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu məhkəmə prosesi insan həyatının get-gedə necə ucuzlaşdığına, 3-5 manat borca görə bıçağa əl atıb adam öldürənlərin sayının necə artmasına dair növbəti sübutdur. Belə görünür ki, əlibıçaqlı dolaşıb hər xırda mübahisəyə görə adam öldürməyə hazır olan gözünü qan örtmüşlər “bir neçə illik həbsxana romantikasından sonra” azadlığa çıxacaqlarını bəribaşdan gözə alırlar.

Virtualaz.org-un xəbərinə görə, indiki halda qətlə səbəb tərəflər arasında pula–cəmi 100 manata görə yaranmış mübahisə olub. Mübahisə zamanı Cavid ov bıçağı ilə 18 yaşlı Mehdini qətlə yetirib. İstintaq araşdırması zamanı məlum olub ki, Mehdi Cavidin tanıdığı qızdan telefon alıb, amma pulun 100 manatını ödəməyib. Elə insident də bu üzdən baş verib.

Məhkəmədə şahid qismində təqsirləndirilən Cavid Hüseynovun həyat yoldaşı Hökumə Hüseynova dindirilib. O, ifadəsində zərərçəkmişi tanımadığını, hadisədən sonradan xəbər tutduğunu deyib: “Polisdən zəng vurub Cavidi soruşdular. Dedilər, mütləq polis idarəsinə gəlsin. Gecə Cavidin özünə yazdım, dedim, səni axtarırlar. Dedi ki, bir nəfərlə dalaşmışam, gəlib özüm təslim olacağam”.

Şahidin ifadəsinə görə, ertəsi gün C.Hüseynov azyaşlı uşağı ilə görüşmək üçün evə gəlib. Övladı ilə  görüşdükdən sonra isə polis idarəsinə yollanıb: “Mənə dedi ki, söyüş söydüyünə görə onu vurmuşam”.

Məhkəmə şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.  

Qeyd edək ki, hadisə baş verən zaman mərhumun anası Məşhəd ziyarətində olub. O, oğlunun öldürüldüyünü ölkəyə qayıtdıqdan sonra bilib.

Mərhumun atası isə oğlunun hadisədən beş gün əvvəl evdən getdiyini deyib: “Əvvəllər də evdən getdiyi vaxtlar olub. Elə bilirdim qohumlardan birinin evində qalır.  Çünki, bəzən elə olurdu ki evə gəlmirdi, şəhərdə qalırdı. Mobil telefon olmadığına görə xəbər tuta bilmirdik”.

Zərərçəkmişin dediklərindən belə məlum olub ki, “Nizami” metrostansiyası yaxınlığındakı mənzilləri  plana düşüb və Zabrata köçüb orada yaşayıblar. Oğlu isə dostları ilə görüşmək üçün tez-tez şəhərə gedib-gəlib, hərdən də şəhərdə qohumlarıgildə qalıb. Ona görə də oğlunun beş gün evə gəlməməsindən şübhələnməyib. Yalnız hadisə barədə müstəntiq ona məlumat verdikdən sonra bilib.

Mərhumun atası oğlunun qatilinə ən ağır cəza verilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər