2207
Ölkə 10 dekabr — 14:36

Bakıda nəhəng tikinti materialları bazarı yandı

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.

Xəbəri FHN-in saytı yayıb.

*   *   *12.43

“EuroHome” tikinti materialları bazarında yanğına qarşı heç bir təhlükəsizlik siqnalı olmayıb. Bunu hadisə yerində olan jurnalistlərə ticarət mərkəzindəki mağazalardan birinin sahibi olan Seymur Orucov deyib. Sahibkarın sözlərinə görə, yanğın zamanı ona 150 minlik ziyan dəyib: “Səhər saat 9-a işləmiş xəbər tutduq ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb”.

O qeyd edib ki, yanğın nəticəsində 100-dən çox mağazaya ziyan dəyib: “Bazarın yarısının, eləcə də özünün mağazasının sığortası olmayıb. Mağazamda 50-60 min manatlıq nisyə dəftərim də yandığına görə, kimdən nə qədər alacağımı bilmirəm”.

***

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

Virtualaz.org bildirir ki, xəbəri FHN-in saytı yayıb.

Bildirilir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

Hazırda araşdırma işləri davam etdirilir.

*  *   *11.44

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə bildirib ki, hazırda “EuroHome” inşaat materialları satış mərkəzində yanğın “tam məhdudlaşdırılıb”. O, təsdiq edib ki, yanğın təzə başlayanda su çatışmazlığı olub.

"Bunun qarşısını almaq üçün 3 helikopter, 1 təyyarə havaya qaldırdıq. İndiyə qədər 150 tona yaxın su yanğın ərazisinə tökülüb. Hadisə yerində 40-dan artıq yanğın texnikası, 250-dən artıq canlı qüvvə cəlb olunub, yanğının sahəsi 21 min kv metrdir. Yanğının səbəbləri hal-hazırda araşdırılır. Cənab nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir",-E.Mirzəyev deyib.

***

Bakı şəhəri, Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın davam edərkən oğurluq hadisəsi baş verib. Oğurluğa görə 3 nəfər saxlanılıb. Bu haqda hadisə yerində olan jurnalistlər xəbər verir.

***

Yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

Bu barədə virtualaz.org-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H. Z. Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarının suyundan istifadə olunacaq.

Qeyd edək ki, yanğının söndürülməsinə FHN-in 3 helikopteri və təyyarəsi də cəlb olunub.

*   *   *10:15

Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb.

Virtualaz.org bildirir ki, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarındakı yanğınla bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.

Yanğının söndürülməsinə FHN-in yanğınsöndürən briqadaları və 3 helikopteri cəlb olunub. Əraziyə Səhiyyə Nazirliyinin 4 təcili tibbi yardım briqadası göndərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Virtualaz.org

Xəbərlər