649
Ölkə 9 dekabr — 14:50

Baba: “Ögey ana azyaşlı nəvələrimə dəhşətli işgəncələr verib, belində siqaret söndürüb...”

Daxili İşlər Nazirliyi iki azyaşlı uşağa atası və ögey anası tərəfindən işgəncə verilməsi haqda sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama yayıb.

Nazirliyin Mətbuat Xidmətindən bildirib ki, Ağcabədi rayon sakini Tərgiz İbrahimova Nazirliyin “102” Xidmətinə müraciət edərək mərhum bacısının Sabunçu rayonunda yaşayan iki azyaşlı övladı Hüseyn və Qulunun ataları Xanlar Əkbərov və ögey anaları Nuranə tərəfindən işgəncəyə məruz qalmasını bildirib. Müraciət əsasında Sabunçu RPİ 15-ci Polis Bölməsində təhqiqat aparılıb: “Araşdırma zamanı tərəflərin izahatı alınaraq hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Ekspertlərin rəyinə görə, hər iki azyaşlının bədənlərinin müxtəlif hissələrinə müxtəlif vaxtlarda yetirilən xəsarətlərin sağlamlığa yüngül və az ağır zərər vurmaya aid olduğu müəyyən edilib. Hər iki valideynin uşaqlara əzab verməsi ilə bağlı toplanmış materiallar cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”. (Qafqazinfo)

*   *   *12:48

Azərbaycanda azyaşlı uşaqlar atası və ögey anası tərəfindən dəhşətli işgəncələrə məruz qalıb.

Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə azyaşlıların babaları, Ağcabədi rayonunun Aşağı Qiyamədinli kənd sakini Qulu adlı şəxs tərəfindən videomüraciət yayılıb.

Babanın sözlərinə görə, nəvələri Qulu və Hüseyn 1 yaş 7 aylıq və 2 yaşında ikən anaları qaraciyər sirrozundan vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların qara günləri başlayıb, ögey ana ata ilə birlikdə uşaqlara müxtəlif işgəncələr verib.Uşaqların belində siqaret söndürülüb, barmaqları qaynar suya salınıb, qaynar şişlə döyülüblər. Baba uşaqların işgəncə faktların çox gec xəbər tutub. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, cavab ürəkaçan olmayıb.

"Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qardaşımın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü... " - deyə Hüseyn bildirib.

"Nuranə qardaşımı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki, bizi döysün. Nuranə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qardaşımın əli şişmişdi. Mən Nuranəyə qardaşımın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iynəldi..." , deyə Qulu qeyd edib.

Uşaqların iddiasına görə, Nuranə adlı qadın uşaqlar ac olanda onların boğazına acı istiot töküb.

Məlumata görə, uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

Uşaqların babası həmçinin azyaşlıların dəhşətli işgəncələrə məruz qalmasını əks etdirən fotoşəkillər də təqdim edib.

Azyaşlıların ağır işgəncələrə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb. Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də azyaşlılara işgəncələrin verilməsi iddiaları barədə araşdırma apardıqlarını, nəticələr barədə açıqlama veriləcəyini deyiblər. “Bu hadisəni törədən şəxs hökmən cinayət məsuliyyətinə cəlb edilməlidir”,-Komitə bildirir.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər