657
Ölkə 5 dekabr — 14:52

Xaçmaz meşələrində narkotik əkən məshəti türkü, üstəlik vəhabi

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonu, İstisu qəsəbəsi sakini, 44 yaşlı Nazim Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un xəbərinə görə, istintaq yolu ilə müəyyən edilib ki, Nazim Rüstəmov Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən meşədə qanunsuz olaraq külli miqdarda narkotik tərkibli bitkilər əkib becərib. Həmçinin, özünəməxsus həyətyanı torpaq sahəsində də çətənə kolu əkməklə ona aqrotexniki qaydada qulluq göstərib, kultivasiya edib.

Bu ilin iyul ayının 29-da Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində İstisu qəsəbəsindəki 7 saylı meşə dolayısında yaş vəziyyətdə ümumi çəkisi 2570 qram olan 133 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan başqa N.Rüstəmovun yaşadığı evin həyətyanı torpaq sahəsindən də 2,070 qram bir ədəd çətənə kolu aşkar edilib.

Törətdiyi cinayət əməlinə görə N.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 188.1-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) və 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ahıska türkü olan N.Rüstəmov Özbəkistan Respublikasının Fərqanə vilayətində doğulub. 1989-cu ildə məlum Fərqanə hadisələri ilə bağlı ailəsi ilə birgə Azərbaycana köçüb. 14 yaşından Xaçmazın İstisu qəsəbəsində məskunlaşan N.Rüstəmov qəsəbədə fəhləliklə məşğul olub.

Özünün ifadəsinə görə, son üç il ərzində narkotik vasitələrdən istifadə etməyə başlayıb. Heç kim onun narkotik istifadəçisi olduğunu bilməsin deyə, həm də kimsədən marixuana almasın deyə çətənə toxumları yığıb saxlayıb. Həmin toxumların bir qismini öz həyətində, bir qismini isə meşə ərazisində gizli şəkildə əkib. Vaxtaşırı meşəyə gedib çətənə kollarının diblərini yumşaldıb, alaq otlarını təmizləyib, tez böyümələri üçün onlara qulluq edib. Növbəti dəfə çətənə kollarına qulluq etmək üçün meşəyə yollanan Nazim orada polis əməkdaşları ilə rastlaşıb.

İbadət əhli olduğunu deyən Nazim Rüstəmov törətdiyi əməldən peşmançılıq çəkdiyini bildirib: “Arada meşəyə gedir, şax-şux yığırdım. Orada narkotik əkməyimdən heç kimin xəbəri yox idi. “Əxilər” narkotik istifadəçisi olduğumu bilmirdilər. Polisə aparanda orada saqqalımı da qırxdılar”.

Məhkəmə prosesində zərərçəkmişin nümayəndəsi qismində Quba Regional Meşə Təsərrüfatı Mərkəzi Xudat Meşəbəyliyinin 7 saylı dolayısının meşə gözətçisi Lətif İsayev ifadə verib. O, ifadəsində N.Rüstəmovu bir dəfə də olsun meşə ərazisində görmədiyini deyib: “Bu adamı ilk dəfə polisdə görmüşəm. Meşənin 600 hektar ərazisi var. Bəlkə də gecələr işləyib, bilmirəm. Cammat da deyir ki, çoxdanın narkotik əkib-becərəni olub”.

Məhkəmə prosesi dekabrın 10-da davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər