895
Ölkə 21 noyabr — 20:50

İlham Əliyev Rəhim Qazıyev və İsgəndər Həmidov haqda

Bu gün prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr edilmiş təntənəli mərasimdə geniş, əhatəli nitqlə çıxış edib. Sumqayıtın yaranmasından, Heydər Əliyevin bu şəhər üçün gördüyü işlərdən, Sumqayıt hadisələrindən, AXC-Müsavat hakimiyyətindən və digər mövzulardan danışıb.

İlham Əliyev AXC-Müsavat hakimiyyətinin rəhbərlərini sərt tənqid edib. Prezident çıxışında o zamankı müdafiə naziri Rəhim Qazıyev və daxili işlər naziri İsgəndər Həmidov haqda da danışıb.

Sitat:

-Nazirlərə fikir verin, kimlər idi? Müdafiə naziri riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam Müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıqları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.

Ondan sonra Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.

Xəbərlər