153
Ölkə 17 oktyabr — 15:51

Azərbaycanda ana südüylə qidalanma ilə bağlı xüsusi proqram hazırlanır

Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyası və UNİCEF tərəfindən Azərbaycanda ana südüylə qidalanma ilə bağlı proqram hazırlanır.

Virtualaz.org xəbər verir ki, bunu komissiyanın sədri, Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov bu gün keçirilən Neonatologiya üzrə 2-ci Bakı Beynəxalq Konqresində söyləyib. 3 gün davam edəcək Neonatologiya üzrə 2-ci Bakı Beynəxalq Konqresinə yerli mütəxəssislərlə yanaşı, Türkiyə və ABŞ-dan gələn professorlar da qatılıb.

R. Hüseynov deyib ki, qadınlar ana südü ilə qidalandırmanın əhəmiyyətindən kifayət qədər məlumatlı deyillər. Amma tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır: “Analara körpələrini ana südü ilə qidalandırmağı tövsiyyə edirəm. Uşaqlara iki il ana südü verilməlidir. Ananın hansısa ağır dərmanlardan istifadə etməsini nəzərə almasaq, bu zaman heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz”.

Hüseynov qeyd edib ki, adətən ana bətnində infeksiyalaşmış körpələr vaxtından əvvəl doğulur. Bu körpələrdə tənəffüs problemləri olur: “Azərbaycanda uşaqların 8-12 faizi vaxtından əvvəl doğulur. Ümumilikdə, yenidoğulmuşlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur. Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə doğulanlar olur ki, onların arasında vaxtından əvvəl doğulanlar da var”.

Tədbirdə Ankara Universitetinin tibb fakültəsinin professoru Ömer Erdeve, ABŞ-ın Vanderbilt Universitetinin dosenti Skott Qutri də çıxış edib.

Qeyd edək ki, konqresin növbəti günü Neonatologiya üzrə Azərbaycan-Türkiyə III Beynəlxalq Təlim Kursu keçiriləcək. Beynəlxalq Təlim Kursunda yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, neonatal dövrdə ölüm və xəstələnmə hallarının qarşısının alınması sahəsində fikir mübadiləsi aparılacaq.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər