227
Ölkə 17 oktyabr — 12:28

Təhsil naziri dərsliklər və məktəbli formaları haqda

Hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. İbtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb.

Virtualaz.org xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir. Onlar özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək.

C.Bayramov qeyd edib ki, şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir. Ancaq hazırda dərsliklər üçün fərqli istifadə istifadə müddətinin tətbiqi üzərində iş aparılır.

"Biz bunu çox yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdırırıq. Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək"-, nazir əlavə edib.

Nazir onu da bildirib ki, ayrı-ayrı məktəblərdə müxtəlif dizaynda məktəbli formalarının olması nəzərdə tutulur. Burada bir sıra nümunələrin təsdiq olunması gözlənilir.

Qanunvericiliyə görə, müxtəlif formada hazırlanmış bir neçə dizayn təsdiq ediləcək: "Ancaq məktəbli formasının hansı dizyanda olmasına məktəb direktorları və valideyn komitələri ilə müzakirələrdən sonra qərar veriləcək. Məktəbli formasının hansı dizaynla, formada olması barədə məktəblərin bunları seçməsi mürəkkəb məsələdir. Ayrı-ayrılıqda məktəblərdə vahid məktəbli formasının olması nəzərdə tutulub. Bu demək deyil ki, bütün ölkədə bir nümunə məktəbli forması istifadə olanacaq".

C. Bayramov qeyd edib ki, valideynlərlə razılaşdırılıb qəbul edilən, standartlara uyğun seçilən məktəbli forması daha uyğun formada olacaq: "Müxtəlif dizaynla qəbul edəcəklər. Valideynlərlə seçim etdikdən sonra mütəxəssislər tərəfindən standartlara uyğun seçilən məktəbli formaları daha keyfiyyətli olacaq".

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər