538
Ölkə 10 oktyabr — 15:17

Bakının Səbail rayonunda siyahıyaalma maxinasiyası

Bu gün Azərbaycanda əhalinin siyahıyaalınması prosesi yekunlaşır. Prosesi aparan aidiyyatı strukturlar siyahıyaalmanın “uğurla keçdiyi” haqda raport verirlər, amma nəinki ucqarlarda, lap elə Bakının mərkəzində bir çoxları siyahıyaalma məmurlarının üzünü belə görmədiklərini deyirlər. Məsələn, Səbail rayonunun bir çox küçələrində və qəsəbələrində siyahıyaalma prosesi kağız üzərində, Mənzil İstismar Sahələrində aparılıb.

“20-ci sahə” adlanan ərazidə, Ziya Yusifzadə küçəsi, 36 ünvanda  yaşayan, ev alqı-satqısı ilə məşğul olan Mirzə adlı sakin deyir ki, onların yaşadığı məhəlləyə heç bir sayıcı yaxınlaşmayıb.

“Əhalinin siyahıya alınması prosesindən xəbərimiz var, lakin 10 gün ərzində bizim məhəlləyə heç kəs yaxınlaşmayıb. Sorğu Vərəqələrinə özləri qondarma adlar yazaraq işlərini yüngülləşdirməyə çalışırlar. Yaşadığım ərazidə sayıcılardan heç kəsi görməmişəm. Konkret olaraq, bu prosesi rayon  İcra Hakimiyyətinin  2 saylı Ərazi Nümayəndəliyi Bayıl və “20-ci sahə” qəsəbələrində Mənzil İstismar Sahələrinə (MİS) tapşırıb. MİS-lər də işə aidiyyəti olmayan, təsadüfi və yaxud öz yaxın ətraflarındakı şəxsləri bu işə cəlb edib. Biz gedib kimə nə deyə bilərik?  Ancaq əlbəttə ki, bu qanuna ziddir. Görünür ki, bu proses saxtalaşdırılır”,- deyə sakin bildirib.

Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi, 61 ünvanda yaşayan sakin Binnət Əlimərdanov isə bildirib ki, əhalinin siyahıyaalınma prosesini aparanlar onların qeydiyyatda olduqları ünvan üzrə sakinlərlə təmasda olmayıblar. Bu küçədə də sayıcıları görən yoxdur.

“Prezidentin imzaladığı fərmandan xəbərdarıq. Ancaq bizə yaxınlaşıb siyahıyalama prosesi ilə bağlı heç kim heç nə deməyib. Gedib kiməsə deməli deyilik ki, məcburən gəlin bizi də siyahıya alın. Zəhmət çəksinlər, özləri yaxınlaşıb Sorğu Vərəqələrini təqdim etsinlər”, - deyə sakin qeyd edib.

Bayılda və “20-ci sahə”-dəki Qurban Abbasov,  Ziya Yusifzadə,  Ömər Faiq Nemanzad, Buxta , Aydın Məmmədov,  Arif İsmayılov,  Litvin Babayev küçələrinin də sakinlərindən sayıcıları ya görən olmayıb, ya da əhalini siyahıya alanlar hər küçədə beş-on sakinlə sorğu aparmaqla işlərini başa vurublar.

Xatırladaq ki, prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda 2019-cu il oktyabrın 1-dən 10-a qədər əhalinin siyahıya alınması prosesi həyata keçirilib. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və həyata keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib.

G.Kərimova

Virtualaz.org

Xəbərlər