202
Ölkə 11 sentyabr — 15:05

Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi keçirilir

Sentyabrın 11-də Bakıda XVIII Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqlar Konqresi öz işinə başlayıb.

Virtualaz.org xəbər verir ki, 25 ölkədən 160 elm xadimi və tibb mütəxəssislərinin qatıldığı tədbir Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının keçmiş sədri, mərhum akademik Böyükkişi Ağayevin xatirəsinə həsr edilib.

Konqresin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edib. E.Ağayev səhiyyə naziri Oqtay Şirəliyevin konqres iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Nazir müavini son 15 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli isə beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsinin ölkəmizin səhiyyədə əldə etdiyi uğurlarla bağlı olduğunu deyib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında bildirib ki, belə mühüm beynəlxalq konqresin Azərbaycanda keçirilməsində akademik Böyükkişi Ağayevin böyük rolu var. Azərbaycanda cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan Böyükkişi Ağayev ixtiraları ilə tibb elminə təqdirəlayiq töhfələr verib.

Konqresin sədri, Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin sədri, professor Rauf Ağayev isə bildirib ki, tədbirə Almaniya, İtaliya, Türkiyə, Çexiya, İngiltərə, Rusiya, Avstraliya, ABŞ, İspaniya, Hollandiya və digər ölkələrdən tanınmış mütəxəssislər qatılıb. Tədbirdə 150-yə yaxın mühazirə və elmi çıxışlar dinləniləcək. R.Ağayevin sözlərinə görə, konqresə 31 ölkədən 600-dən çox məqalə göndərilib. “Hesab edirəm ki, bu konqres Azərbaycan tibb elmi üçün böyük hadisədir. Konqres hər il bir ölkədə keçirilir, tədbirlərdə artıq 20-dən çox ölkə iştirak edir. Konqresin əsas məqsədi bu sahədə çalışan mütəxəssislərin təcrübələrini bölüşməsi, fikir mübadiləsinin aparılmasıdır”,-Ağayev deyib.

Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyəti 1996-cı ildə yaradılıb və Azərbaycan həmin ildən Cəmiyyətə üzv olub. R.Ağayev əlavə edib ki, Azərbaycanda bu Cəmiyyətin yaradılması akademik Böyükkişi Ağayevin adı ilə bağlıdır, buna görə də bugünkü konqres B.Ağayevin əziz xatirəsinə həsr olunub: “İlk konqres ulu öndər Heydər Əliyevin dəstəyi ilə Bakıda keçirilib. Çalışacağıq ki, bu dəfə də Azərbaycan səhiyyəsinin, elminin uğurlarını tədbir iştirakçılarının diqqətinə layiqli şəkildə çatdıraq”.

Konqres sədri əlavə edib ki, tədbirdə mütəxəssislər qaraciyər transplantasiyasına aid öz təcrübələri haqqında danışacaqlar. Eyni zamanda, dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışlar nəzərdə tutulub.

Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, professor Hasan Özkan isə bildirib ki, növbəti toplantı gələn il İtaliyada keçiriləcək: “Türkiyə və Azərbaycanın rəhbərliyi ilə Avropa ölkələrində tədbir keçirmək əhəmiyyətlidir, biz son naliyyətlərimizi dünyaya tanıdırıq. Artıq Azərbaycan səhiyyəsi dünyada öz sözünü deyib, bugünkü tədbir də buna sübutdur”.

Hasan Özkan dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini də söyləyib. Bildirib ki, rəhbərlik etdiyi Cəmiyyətin əsası 1996-cı ildə Antalyada Avropa və Asiyanın türkdilli dövlətlərindən olan alimlərinin milli konqresindəki görüşü zamanı qoyulub.

O da xatırladıb ki, Cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə keçirilən həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak edib.

Daha sonra akademik Böyükkişi Ağayevin xatirəsi yad edilib, onun yaradıcılığına həsr olunmuş video-material nümayiş olunub.

XVIII Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqlar Konqresi sentyabrın 14-dək davam edəcək.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər