2296
Ölkə 22 avqust — 15:35

Əli Əhmədovla İnam Kərimov bazarda

Baş Nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimov bu gün  Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl bazar" və paytaxtdakı supermarketlərdən birinə baxış keçirib.

Baş nazirin müavini satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib. Ə.Əhmədov satıcılardan birindən kartofun qiymətini soruşub. Satıcıdan "iki manat" eşidincə Ə.Əhmədov qiymətin baha olduğunu deyib: "Yayın ortasında iki manata kartof olmaz".

Baş nazirin müavini jurnalistlərə bildirib ki, hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir: “Azərbaycan vətəndaşı ərzaq qıtlığından əziyyət çəkməməlidir. İstəyirik ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf – fermer də, istehlakçı da məmnun qalsın.Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır”.

Nazirlər Kabinetindən bildiriblər ki, baş nazirin müavini Əli Əhmədovun və kənd təsərrüfatı naziri İnam Kərimovun bazarda apardığı təftişin məqsədi qiymətlərin süni artırılması faktlarını aşkara çıxarmaq idi.

“Hökumət qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məsələsini həmişə diqqətdə saxlayır və bu istiqamətdə zəruri işlər görür”,-məlumatda deyilir.

Nazirlər Kabinetindən “İnterfaks-Azərbaycan”a onu da deyiblər ki, reydlər zamanı Əli Əhmədov və İnam Kərimov üç ticarət nöqtəsinə baş çəkiblər. Nəticədə bazarlardakı və yarmarkalardakı qiymətlər arasında böyük fərqlər aşkar olunub.

“Hökumət bu məsələnin üzərində ciddi düşünməlidir. Biz ərzaq mallarının qiymətlərinin hədsiz artımına yol verməməliyik. Əgər kimsə qiyməti süni yolla qaldırışa hökumət iqtisadi tədbirlərlə buna cavab verə bilər. Belə tədbirlərdən biri ticarət nöqtələrinin və vasitəçilərin sayının artırılması olardı. Bu, qiymətləri nizamlamağa imkan verər”,-Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Virtualaz.org

Xəbərlər