389
Ölkə 18 iyun — 14:50

Sabiq müstəntiq məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sumqayıt Şəhər Polis İdarəsinin sabiq müstəntiqi Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmişlərin əksəriyyəti vaxtilə B.Quliyevin istintaqını apardığı şəxslərin ailə üzvlərdir. Belə ki, həbs olunanların yaxınları sabiq müstəntiqə pul verdiklərini və aldadıldıqlarını iddia edirlər.

Zərərçəkmişlərdən biri - Məhbubə Məmmədovanın ifadəsinə görə, onun oğlunun işinin istintaqını müstəntiq B.Quliyev aparıb. O, övladının işinin daha yüngül maddəyə tövsif olunaraq azadlığa buraxılması məqsədilə müstəntiqə 5 min manat verdiyini deyib: “Səhv eləmişəm ya düz eləmişəm, deyə bilmərəm, amma bunu eləmişəm. Anayam, nə çəkdiyimi də ancaq analar yaxşı anlayar. Mənə söz verdi ki, oğlumun işini yüngülləşdirəcək, ağır maddələr verilməyəcək. Mən də pulu sələmə götürmüşdüm. İndiyə qədər də sələmini ödəyirəm. Nə qədər cəza alsa da, ondan əl çəkən deyiləm. Bir yandan oğlum əlimdən getdi, o bir yandan borcun içində qaldım”.

Digər zərərçəkmiş Dəyanət Əliyev də müstəntiqi qardaşının işi ilə bağlı “tanıyıb”. Belə ki, həbs olunan qardaşının işi Sumqayıt Şəhər Polis İdarəsində B.Quliyevin icraatında olub. D.Məmmədov qardaşının azadlığa buraxılması üçün müstəntiqə 7 min manat verdiyini bildirib: “Müstəntiq əvvəl 15 min manat istədi, sonra 7 min manata düşdü. İstədiyi pulu verdik, amma heç nə dəyişmədi”.

Zərərçəkmiş Telman Əliyev də oxşar aqibətlə üzləşib. Oğlu haqqında qaldırılan cinayət işinə xitam verilməsindən ötrü müstəntiqə 5 min manat verdiyini deyib.

Zərərçəkmiş Elvin Novruzov digərlərindən fərqli olaraq polis orqanlarında işə düzəlmək üçün sabiq müstəntiqə 6500 manat verib. Keçmiş müstəntiq E.Novruzovun düz danışdığını, ondan həmin məbləği aldığını etiraf edib: “O pul mənə qalmayıb, başqasına verilib. İşi həmin adam düzəltməli idi. Elə məsələlər var ki, onları demək üçün əlimdə sübutum yoxdur. Sübut olmadığına görə də deyə bilmirəm”.

Cinayət işinə xitam verilməsi, yaxud əməlin daha yüngül maddələrə tövsif olunması üçün ona pul verilməsi barədə məhkəmədə səslənən ifadələrə gəlincə, sabiq müstəntiq şərh vermək istəməyib: “Onda gərək ad çəkim. Əlimdə sübut olmadığına görə ad çəkmək istəmirəm”.

Məhkəmə prosesi davam edir.

Virtualaz.org

Xəbərlər