595
Ölkə 14 İyun 2019, 15:55

Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının sayı azalır

Azərbaycanda ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci yerdədir.

Virtualaz.org xəbər verir ki, bunu akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun arterial hipertenziya şöbəsinin rəhbəri, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov institutun 40 illik yubileyinə həsr olunan beynəlxalq tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

T.Cahangirov deyib ki, amma son illər ürək-damar, ürəyin işemik xəstəlikləri, eləcə də miokard infarktı səbəbindən ölüm faizi azalmağa doğru gedir. Bunu səbəbi isə kardiologiya sahəsinin inkişafı məqsədilə həyata keçirilən tədbirlərdir. “Hazırda Azərbaycanda yalnız ürək transplantasiyası həyata keçirilmir, bundan başqa istənilən müayinə, müalicə və əməliyyatları icra edə bilirik. Ölkədə kordiologiya sahəsində kifayət qədər ixtisaslı kadrlar var”, - şöbə rəhbəri əlavə edib.

Ürək köçürülməsi məsələsinə gəldikdə, hazırda bu istiqamətdə müzakirələr aparılır. Cahangirov qeyd edib ki, qanun qəbul ediləndən sonra ürək köçürülməsi əməliyyatları icra edilə bilər.

Qeyd edək ki, tədbirə Rusiya, Belarus, Gürcüstan, Türkiyə və digər ölkələrdən gələn nümayəndələr də daxil olmaqla 250 kodioloq və kardiocərrah qatılıb. İnstitutun direktoru Gülnaz Dadaşova isə çıxışında söyləyib ki, institut 1979-cu ilin iyunun 14-də fəaliyyətə başlayıb. “Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Azərbaycan kardiologiyasının əsasının qoyulmasında, kadrların yetişdirilməsində, praktik fəaliyyətində əməyi danılmazdır. Hazırda institutda 12 tibb elmləri doktoru, 26 fəlsəfə elmləri doktoru fəaliyyət göstərir”, - Dadaşova deyib.

Baş həkim qeyd edib ki, müasir dövrümüzdə ürək-damar xəstəliklərindən ölüm sayının azalması tibb aləmində əhəmiyyətli hadisə hesab edilir.

Tədbirdə o da bildirilib ki, ürək xəstəlikləri ilə yanaşı xəstəliklər, məsələn, şəkərli diabet, arterial hipertenziya miokard infarktının, ürək qan-damar xəstəliklərinin gedişatını ağırlaşdırır. Bunun üçün həyat tərzini dəyişdirmək lazımdır. Az hərəkət etmək, bədən çəkisinin artması, siqaret, stress xəstəliklərin gedişatını ağırlaşdırır. Ürək qan-damar xəstəliklərinin, miokard infarktının olmaması üçün gün ərzində 5-6 km gəzmək, pəhrizə əməl etmək, yağlı qidalardan və stressdən uzaq olmaq lazımdır.

Türkiyənin Kardiologiya Cəmiyyətinin sədri, professor Vedat Aytekin isə Avropa Kardiologiya Cəmiyyətinin apardığı araşdırmalara əsasən ürək xəstəliklərinin daha çox türk qadınlarında qeydə alındığını deyib. Bildirib ki, qadınlar arasında ürək xəstəliklərinin artmasının səbəbini müəyyənləşdirmək üçün Türkiyə Kardiologiya Cəmiyyətində alt qrup yaradılıb və məlum olub ki, xəstəliklərin əsas səbəbləri artıq çəki, eləcə də hərəkətsizlikdir. “Ürək xəstəliklərinin səbəbləri sırasında siqaret də mühüm rol oynayır. Bugünkü konfransda qeyd edildi ki, Azərbaycanda qadınlar arasında siqaret çəkənlərin sayı nisbətən azdır. Türkiyədə də kişilərə nisbətən azdır, ancaq hər il siqaret çəkən qadınların sayı daha da artır. Bunun qarşısını almaq lazımdır”, - Vedat Aytekin söyləyib.

Elmi-praktiki konfrans Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olub və 5 kredit balla giymətləndirilib.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər