205
Ölkə 11 iyun — 14:40

Taxıl biçininin qızğın çağında: həmişəki problemlər yenə yada düşdü…

Azərbaycanda taxıl yığımının qızğın çağıdır və Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı rəqəmlərə görə , mayın sonundan iyunun 10-dək 529 min  tona yaxın taxıl yığılıb, məhsuldarlıq orta hesabla hər hektara 29,1 sentnerdir.

Virtualaz.org xəbər verir ki, aprel-may aylarında yağışlar, dolu və sel bir neçə rayonda taxıl sahələrinə zərər vurub, amma ölkə üzrə ümumi məhsuldarlıq yüksəkdir. Hətta bu il yığımın tez başa çatacağı, istehsalın isə ötən ilə nisbətən artıq olacağı proqnozlaşdırılır.  Üstəlik, builki mövsümdə kiçik təsərrüfatların, kəndli-fermerlərin kombayn problemi həllini tapıb. Biçinə ümumilikdə 1348 kombayn cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları rayonlara ezam olunublar, onlar növbə əsasında biçinə nəzarət edirlər.

Nazirlik şərt qoyub ki...

Bu il ölkədə 1 milyon 91 hektara  taxıl əkilib, bunun 678 min hektara yaxını hektarı buğda, qalanı isə arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, taxıl biçininə aylardır hazırlıq gedir. Rayonlarda nə qədər kombayna ehtiyac olacağı əvvəlcədən müəyyənləşdirilib, xüsusilə kiçik təsərrüfatların texnika ehtiyacı araşdırılıb. “Məsələn, Saatlıda 24868 hektar sahədə taxıl əkilib, biçin üçün nə qədər kombayna ehtiyac olacağı hesablanıb. İndi növbə prinsipi ilə kombaynlar sahələri biçir. Məsələn, artıq Kürdəmirdə arpa biçini tamamlanmaq üzrədir”,-V.Hüseynov bildirib.

“Aqrolizinq” ASC tərəfindən 511 kombayn icarəyə verilib. Amma mexanizatorların qarşısında şərt qoyulub ki,  əvvəlcə texnikanın icarəyə götürüldüyü rayonda kiçik təsərrüfatlara məxsus sahələr biçilsin.

Ötən il kombayn çatışmadığından biçin nisbətən baha olub, 1 hektar ərazi təxminən 50-70 manata biçilib. Bu il isə qiymət 30-38 manatadək azalıb.

V.Hüseynov deyib ki,  ehtiyatda kombayn var, satış məqsədilə gətirilmiş 595 kombayndan ehtiyac yaranarsa istifadə oluna bilər.

Şöbə müdiri əlavə edib ki, builki mövsümdə məhsuldarlıq yüksək olacaq, ən azı ilkin nəticələr bunu söyləməyə əsas verir.

Taxılçılara dövlət dəstəyi

Ölkənin özünü ərzaq buğdası ilə tam təchiz edib bu sahədə ixracdan asılılığın aradan qaldırılması üçün taxılçılığa  son illərdə dövlət tərəfindən dəstək verilir, subsidiyalar ayrılır, fermerlər keyfiyyətli ərzaq buğdası yetişdirməyə stimullaşdırılır.

V.Hüseynov qeyd edib ki, dövlət tərəfindən fermerlərə hər hektara 90 manat subsidiya verilir. Fermer hər hektar əkin sahəsinə görə 70 faiz güzəştlə gübrə alır. “Fermerlərə yüksək keyfiyyətli toxumlar verilir. Buna görə də yerli fermerlər yerli toxumlara üstünlük verirlər.  Dövlət sifarişi əsasında “Elit” toxumlar istehsal edilir, bu toxum keyfiyyətli məhsul üçün əlverişlidir”,-şöbə müdiri deyib.

İmişli fermerləri: “Bu boyda qəsəbəyə cəmi bir kombayn veriblər…”

Kənd Təsərrüfatı Nazirliyi kombayn sarıdan qıtlıq olmadığını desə də bəzi rayonlarda fermerlər texnikanın çatışmamasından şikayətlənir. Məsələn, İmişli fermerləri deyirlər ki, hökumət bir qəsəbəyə bir kombayn ayırır, amma bu kombayn hamıya çatmır, taxıl sahələrdə qalıb zay olur.

“Bizə bu boyda qəsəbəyə cəmi bir kombayn veriblər, o da ya sınır, ya xarab olur. İcra hakimiyyətinə gedəndə də bu gün sabaha salırlar. Taxıl isə gözləmir. Mən şəxsən gələn il taxıl əkməyəcəm, mənə sərf eləmir. Biz də əkmişik ki, bundan bir xeyir görək. Bundan bir xeyir görməyəndən sonra niyə əkirəm mən bunu?!” »,-fermerlərdən biri deyib.

Fermerlər deyirlər ki, artıq buğda biçini başlamalıdır, onlar isə hələ arpa biçinini başa çatdırmayıblar.

Taxıl boldur, bəs ərzaq buğdası?

Azərbaycanda buğda istehsalı ilbəil artır, amma istehsal olunan buğdanın ərzaq buğdası kimi nə dərəcədə keyfiyyətli olmasına dair suallar da qalır.

Ekspert Nicat Nəsirlinin sözlərinə görə, ölkədə elit və super elit toxum istehsal olunur, keyfiyyət artır. Amma 150 min ton toxuma ehtiyac olduğu halda mövcud ehtiyat 80-90 min tondur. Rusiyadan da məhsuldarlığı yüksək olan toxum gətirilir.

“Məsələ burasındadır ki, ailə təsərrüfatlarının hamısına nəzarət etmək mümkün deyil, təsərrüfatlar toxuma üstünlük verərkən iqlimdən tutmuş bu çox amilləri nəzərə almalıdırlar. Fermerlər bilməlidirlər ki, bu toxum hansı iqlimə uyğundur. Toxum sulu ərazidə əkilməlidir, ancaq quraqlıq və isti yerdə əkirlər. Bizim fermerlərimiz çox zaman bilmədən, öyrənmədən su istəyən toxumları aparıb dəmyə torpaqda əkir, dəmyədə əkilməli toxumlarını suyun altında əkir”,-Nəsirli belə deyir.

Ekspert əlavə edib ki, taxıl əkinindən tutmuş biçinə qədər təxminən hektara 450-500 manat sərf olunur. Aqrotexniki qaydalara düzgün əməl edilərsə məhsuldarlıq yüksək olur, hektardan 1500 min manatadək qazanc götürülür. “Məsələn, fermer biçən kimi yay şumunu aparmalıdır, əks halda zərərvericilər yayılır. Fermer məşğul olduğu sahə haqda məlumatlı olmalıdır ki, qazanc götürə bilsin”.

Əkin sahələrinin yandırılması torpağı necə məhv edir...

Taxıl biçinindən sonra torpağın yandırılması problemi bu il də aktualdır. Kənd Təsərrüfatı Nazirliyinin xəbərdarlığına baxmayaraq fermerlər hələ də bu üsuldan istifadə edirlər. Nazirliyin açıqlamasında isə deyilir ki, sahənin yandırılması həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır.

Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur. Yanğından sonra torpağın həyat qabiliyyətini yenidən bərpa etməsi üçün əlavə resurslar və zaman tələb olunur. 1 hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir. Bu itkini kompensasiya edilməsi üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30% azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.

Biçindən sonra əkin sahələrini yandıran fermerlər qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.

79 yaşlı fermer: “Taxıl qazanclı sahədir”

Həm taxıl əkininin nə dərəcədə sərfəli olması, həm istehsal olunan buğdanın keyfiyyəti ilə bağlı taxıl əkini ilə məşğul olan şəkili fermer 79 yaşlı Həsən Hüseynovla da söhbətləşdik. O, deyir ki, taxıl kənd təsərrüfatının digər sahələrindən əziyyətli olsa da, qazanclıdır. Üstəlik, həm buğdadan, həm arpadan, həm də samandan qazanc götürmək mümkündür. Bu il 5 hektar sahədə taxıl əkən fermer əsasən yerli sortlara üstünlük verib.

“Bir hektar sahəyə təxminən 100-120 manat xərcləmişəm. Bunun 40 manatı şumlamağa, 15 manata səpinə gedib, toxumun kiloqramını 40 qəpikdən almışam. Məhsuldarlıq hər hektardan 3,5 ton məhsul götürəcəm”, -fermer deyib.

Onun sözlərinə görə, arpa və buğda saxlaması üçün anbarı var, məhsulu saxlayıb sonradan bir qədər baha satır. Məsələn, bu il keçənilki məhsulumu arpanı 40, buğdanı 50 qəpikdən satmışam: “İstənilən halda hamı sərmayəni çıxarır, üstəlik qazanc götürür. Gübrəyə 70 faiz güzəşt edilir, hər hektara 90 manat əlavə pul verirlər. Texnika yardımı da edildi, dərmanlarda da ala bilirik”.  

H.Hüseynov deyir ki, 33 ildir öz buğdasının çörəyini yeyir, buğdanın keyfiyyətindən şikayətlənənləri də qonaq edə bilər...

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər