169
Ölkə 3 iyun — 13:52

Hər gün yüzlərlə rayon sakininə ixtisaslaşmış tibbi yardım göstərilir

Səhiyyə Nazirliyi bölgələrdəki xəstəxanalarda əhaliyə göstərilən tibbi xidmət və səhiyyə müəssisələrinin mövcud imkanları ilə tanışlıq məqsədilə bu dəfə Qusar rayonuna press-tur təşkil edib.

Virtualaz.org xəbər verir ki, bu dəfə media nümayəndələri Qusar Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinələrin təşkili ilə tanış olublar.

Bildirilib ki, 2012-ci ildə istifadəyə verilmiş 180 çarpayılıq xəstəxanada cərrahiyyə, reanimasiya, terapiya, doğum, onkologiya, ginekologiya, infeksion xəstəliklər, vərəm, uşaq xəstəlikləri, polikilinika, laboratoriya, təcili tibbi yardım, şüa-diaqnostika şöbələri fəaliyyət göstərir. Baş həkim Mübariz Zeynalov məlumat verib ki, xəstəxanada gün ərzində təxminən 100-130 xəstə müayinədən keçir, 30 böyrək xəstəsi isə həftədə 3 dəfə hemodializ seansı qəbul edir.

Xəstəxananın birinci mərtəbəsində yerləşən qəbul otağında ilkin tibbi yardıma ehtiyac olanlara köməklik göstərilir, eyni zamanda xəstələrin çeşidlənməsi bu şöbədə aparılır. Təcili tibbi yardım kabineti isə 24 saat fəaliyyət göstərir, gün ərzində təxminən 300-400 çağırış daxil olur, qeydiyyat aparılır.

Xəstəxananın onkologiya şöbəsi haqda məlumat verilərkən qeyd olunub ki, şöbə yeni xəstəxana binasının açılışından sonra struktura daxil edilib. Belə ki, bununla bağlı səhiyyə nazirinin əmri mövcuddur. “Regionda onkoloji xəstələrin müayinəsi və kimyəvi terapiyası üçün çalışan həkim onkoloqun olması nəzərə alındı. Təkcə Qusar deyil, ətraf rayonlarda yaşayan onkoloji xəstələr də bu xəstəxanada müalicə qəbul edirlər”, - baş həkim bildirib.

Xəstəxanada ailə qurmağa hazırlaşan cütlüklərin müayinəsi məqsədilə xüsusi kabinet yaradılıb. Media nümayəndələrinə məlumat verilib ki, Ailə Məcəlləsinə edilən dəyişiklikdən sonra nikahdan əvvəl tibbi arayışın tələb olunması qanuniləşib. Cütlüklərdən götürülən nümunələr əvvəlcə laboratoriyada yoxlanılır, sonra Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərilir. Oradan gələn cavablara əsasən arayışlar verilir.

İndiyədək nikaha daxil olan 2753 cütlük müayinə olunub. M.Zeynalov əlavə edib ki, Qusar rayonunun əhalisi üçün irsi qan xəstəlikləri xarakterik deyil. Hepatit, sifilis və digər infeksion xəstəliklər aşkarlansa da, faiz göstəricisi aşağıdır.

Xəstəxananın müşahidə otağında gizli davam edən infeksion xəstəliklərin, xüsusilə vərəmin erkən aşkarlanması üçün kütləvi tətbiq olunan müayinə metodu həyata keçirilir. Rəqəmsal aparatla burda aparılmış müayinə yaddaşda qalır, müəyyən müddətdən sonra belə lazım olduqda nəticəni elektron daşıyıcılarla istədikləri yerə göndərə bilirlər.

Xəstəxananın əməliyyat blokunda isə əksər cərrahiyyə əməliyyatının aparılması mümkündür - media nümayəndələri sol süd vəzisi xərçənginin əməliyyatına hazırlıq prosesini izləyiblər.

Xəstəxananın doğum şöbəsinin fəaliyyəti haqda məlumat verilib, bildirilib ki, 30 çarpayılıq şöbədə ayda təxminən 90-120 doğuş icra olunur.

M.Zeynalov bildirib ki, xəstəxana generatorlarla təmin edilib, baş verə biləcək hadisə zamanı problem yaşanmır. “Mayın 25-də hava şəraiti kəskin pisləşdi, rayonda 21 saat işıq problemi yarandı, amma xəstəxana bir neçə dəqiqə belə işıqsız qalmadı. Həmin gün xəstəxanada 3 oğlan, 1 qız doğuldu”, - baş həkim məlumat verib.

Daha sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib, yeni doğulan körpələrin doğum şəhadətnamələri valideynlərinə təqdim olunub.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər