440
Ölkə 15 may — 11:45

33 yaşlı qadın evi təmizləyərkən kimyəvi maddədən zəhərlənərək ölüb

Mayın 14-də Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini, 33 yaşlı Səbinə Musayeva zəhərlənərək ölüb. İlkin ehtimalda onun ev təmizliyi zamanı istifadə etdiyi kimyəvi maddədən zəhərləndiyi güman edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, qadın ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin tibbi yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. “Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaxınları evi təmizləyərkən kimyəvi maddədən zəhərləndiyini bildiriblər”, - nazirlikdən əlavə edilib.

Qeyd edək ki, Səbinə Musayevanın ölümünün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, yaxın günlərdə nəticə bəlli olacaq. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər