253
Ölkə 15 aprel — 17:30

Prezident Suraxanıda yol tikiintisinə 3 milyon ayırdı

Prezident İlham Əliyev "Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Virtualaz.org xəbər verir ki, sərəncamla Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org saytına bildirib ki, hazırda Suraxanı rayonu ərazisində 5 qəsəbədə yollar təmir olunur. Növbəti mərhələdə ayrılan vəsait hesabına rayonun digər ərazilərində də təmirə ehtiyac olan küçələrdə asfaltlanma işləri aparılacaq: “Suraxanı rayonu üzrə 5 qəsəbəni əhatə edən 9 küçə üzrə 11 km-lik yol sahəsinin təmiri həyata keçirilir. Bunlar Bülbülə, Hövsan, Əmircan, Yeni Suraxanı və Qaraçuxur qəsəbələridir. Təmir ilkin etapda bu ərazilərdə aparılır, amma növbəti mərhələdə təmirə ehtiyacı olan digər yollar da asfaltlanacaq”.

Suraxanı rayonunun Bülbülə qəsəbəsində sakinlərin ən çox şikayət etdiyi Samir Əliyev küçəsinə gəlincə isə, A. Nəcəfli bildirdi ki, hazırda bu küçənin bir hissəsində təmir işləri aparılır: “Bu küçə çox böyük ərazini əhatə edir və bir neçə küçə Samir Əliyev adını daşıyır. Hazırda həmin küçənin bir hissəsini bizim əməkdaşlar təmir edirlər. Amma təmir bitəndən sonra da əməkdaşlarımız həmin ərazidən getməyəcəklər, o əraziyə yaxın digər küçələr asfaltlanacaq. Bu işlər kompleks şəkildə həyata keçirilir”.

A.Nəcəfli bildirib ki, 2019-2023-cü illəri əhatə edən “Bakı şəhərinin Sosial İqtisadi İnkişafına dair tədbirlər planı hazırlanır. Bu tədbirlər çərçivəsində Bakı şəhəri ərazisində təmirə ehtiyacı olan bütün küçələr təmir olunacaq.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər