2800
Ölkə 12 fevral — 16:06

“Hamını döydülər, söydülər, camaatı zibil yerinə də qoymadılar...”

Bakının Nəsimi rayonu, 4 – cü mikrorayon, Cavadxan küçəsi 68A ünvanında ötən ilin avqust ayında qanunsuz tikiniti apardığına görə fəaliyyəti dayandırılan və rəhbəri həbs edilən “Fidan” MTK-nın hasarladığı ərazidə yeni binanın özülü qoyulub. Dörd binanın həyətində yerləşən və sakinlərin istirahəti üçün ayrılmış kiçik ərazidə tikintini bu dəfə “Memar İnşaat 2017” adlı MTK aparır.

Bu barədə virtualaz.org-a həmin ünvanda yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, artıq çoxmərtəbəli binanın özülü qazılıb və betonlanma işləri aparılır. Sakinlər yenə tikintiyə qarşı etiraz ediblər, amma bu dəfə onların etirazlarına məhəl qoymayıb. Üstəlik sakinlər döyülüb, təhqir edilib.

Qanunsuz tikintiyə görə həbs edilən Şükürov

Xatırladaq ki, “Fidan” MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşası üçün torpaq sahəsini hasara alaraq qanunsuz tikinti işləri aparması ilə bağlı sakinlərin müraciətləri əsasında  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdı. Müəyyən edilmişdi ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına qeyri-yaşayış sahəsini söküb, 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.

Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Fidan” MTK tikəndə qanunsuz idi, indi qanuni oldu?

Sakinlər deyirlər ki, həmin MTK rəhbəri həbs olunsa da, aylardır ki, bünövrə qazılan ərazinin hasarı sökülməyib. Hazırda həmin hasarlanmış ərazini başqa bir şəxsə satıblar. MTK-nın adı bəlli olsa da, haqqında heç bir məlumat yoxdur. Sakinlər deyirlər ki, işçilər burada yaşayan əhalini adam yerinə qoymur. Etiraz edənləri isə polislə qorxudurlar. Ötən gün tikintiyə qarşı çıxan sakinləri də döyərək ərazidən uzaqlaşdırıblar.

“Dünən axşam bu binalarda yaşayanların hamısı etiraz üçün həyətə toplaşmışdı. 40-dək polisi tökdülər, səsimizi kəsdilər. Cammatı qalxmağa qoymadılar, hamımızı susdurdular. Qoca, cavan demədilər, döydülər, söydülər, təhqir elədilər. Camaatı heç zibil yerinə də qoymadılar...”,- deyə adının çəkilməsindən ehtiyat edən sakin bildirir.

Digər sakin- Bəxtiyar Məmmədov isə hazırda qazılan bünövrə ilə yolun arasında qalan kiçik, darısqal ərazidəki 4 mərtəbəli yaşayış binasını göstərərək onun da eyni üsulla tikdiklərini deyir. Hansısa sahibkar tərəfindən tikilərək satılan həmin “yaşayış binası”nın ərsəyə gəlməsi üçün onlarla iri ağacı kəsib məhv eləyiblər. O vaxtdan da məktəbə gedən yol keçilməz olub, yaxınlıqdakı binaların işığı, havası kəsilib. Sakin deyir ki, hazırda tikilməkdə olan bu bina üçün də bir neçə ağac qurban gedəcək.

“Burada bina tikilsə biz batıb gedəcəyik...”

Hasara alınmış ərazidə bir neçə ağacın kökünün zədələnməsi nəticəsində quruduğu aydın görünür, digər yaşıl ağacların da yaxın vaxtlarda eyni aqibəti yaşayacağı şübhəsizdir.

“Əvvəllər bu ərazidə bir mərtəbəli, 12 kv metrlik kiçik mərasim evi olub. Xeyrimiz, şərimiz olanda orada keçirirdik. İndi oranı alıblar, guya həmin ərazinin yerində bina tikirlər. Amma hamımız bilirik ki, bu hasarladıqları ərazi həmin mərasim evindən 3 dəfə böyükdür. Digər tərəfdən də, axı bura bizim həyətimizdir, burada çoxmərtəbəli bina tikmək hüququnu onlara kim verib? Ağaclarımızı qırmağa kim onlara ixtiyar verib? Burada insanların, haqqı, hüququ tapdalanır, rahatlığımız, sakitçiliyimiz pozulur. Əgər burada bina tikilsə, biz batıb gedəcəyik. Onsuz da “kotlovan” qazıblar, evimizin divarları çat-çat olub”, - Bəxtiyar Məmmədov deyir.

Kimdisə “çox arxalı adam”dır...

Sakinlər deyirlər ki, burada bina tikdirən kimdirsə “arxalı adamdır”. Nəinki özü, qoçuları belə sakinlərə nəfəs almağa imkan vermir. İş o yerə çatıb ki, camaatı öz pəncərəsindən baxmağa qoymurlar.

“Ötən gün gətirib kamera quraşdırıblar, deyirlər quş quşluğu ilə buradan uça bilməz. Bizi nəinki həyətə düşməyə, heç pəncərəmizdən baxmağa qoymurlar. Dünən polis pəncərədən baxanlara acıqlanırdı ki, nəyə baxırsız? Bir televiziyadan gəlmişdilər, polislər onları da hədələdilər, qorxudan çıxıb getdilər, heç nə də yaza bilmədilər. Deyirlər, ki, “hara şikayət edirsiniz, edin, onsuz da tikəcəyik!”. Heç kimi də saymırlar. Yığıb bura tökdükləri polislər camaata meydan oxuyurlar. Deyirlər ki, “Siz kimsiniz?! Yaxşı edirlər, sənədləri var, tikirlər”, - sakinlər bildirirlər.  

Ərazidə yerləşən binalarda 100-dək sakin yaşayır. Onların imzaları ilə birlikdə aidiyyati orqanlara müraciət olunub. Yaxın günlərdə isə şikayət ərizəsi ilə birlikdə sakinlər yığışıb Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Aparatına gedəcəklərini deyirlər.  

Səhər saatları olduğundan tikinti şirkətinin əməkdaşlarını ərazidə tapa bilmədik. Sakinlərdən öyrəndik ki, burada əsas iş bir azdan, yəni günorta başlayacaq. Kamaz və buldozerlərin əlindən gediş-gəliş mümkün olmayacaq. Şirkətin əraziyə vurduğu məlumat lövhəsindən belə başa düşülür ki, bu darısqal ərazidə “İsmayıl Residence” adlı, “yüksək mərtəbəli” yaşayış binası tikilir. Şirkətin rekvizitləri isə nə lövhədə, nə də internetdə var idi. Təkcə o məlumdur ki, şirkət 2020-ci ilin avqustuna kimi başladığı layihəni bitirmək niyyətindədir...

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər