1032
Ölkə 12 fevral — 14:49

32 yaşlı Günel özündən 8 yaş kiçik sevgilisini niyə və necə öldürdü...

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə ittiham olunan 32 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı Vüqar Quliyev ittiham aktını elan edib. İttihama görə, G. Hüseynova sevgilisini onunla rəsmi nikaha girəcəyi barədə verdiyi vədlərə əməl etmədiyi üçün öldürüb.

Təqsirləndirilən G. Hüseynova ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

Məhkəmədə şahidlər dindirilib. Şahid qismində ifadə verən polis mayoru Müşviq Cabbarov qətl baş verən gün hadisə yerinə getdiyini deyib: "Hər yan qan içindəydi. Pəncərələr sınmışdı, oğlan isə artıq keçinmişdi. Qadın özü qorxudan əsir, qışqırırdı".

Polis zabitinin ifadəsinə görə, Günel Hüseynova ona sevgilisini hansı səbəbdən öldürdüyünü də deyib: "Dedi ki, bir il Vüqarla sevgili olublar. Oğlanla yaxınlıq münasibətləri olub, lakin Vüqar evlənməkdən imtina edib və başqası ilə evlənəcəyini deyib. Bu danışıq xoşuna gəlməyib. Ona görə də onu öldürüb. Orda da oğlanı çox sevdiyini deyirdi. Mənə dediyinə görə, mərhuma deyib ki, başqası ilə evlənsən də, yenə görüşək. Oğlan yenə də razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, yaxınlıq etdikdən sonra isə oğlanı qətlə yetirib”.

Şahid qismində dindirilən digər polis əməkdaşı Ülvi Mirzəzadə qətl hadisəsini görən yeganə şahid olduğunu bildirib. Onun sözlərinə görə, qışqırtı səsinə gəlib, otağın qapısını sındırıb: "İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir. Oğlan qan içindəydi. Qızın əlində bıçaq vardı, qeyri-ixtiyarı bıçağı hərəkət etdirirdi. Amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq vurmuşdu. Şok vəziyyətindəydi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı, deyirdi ki, onu sevir, ölməsin".

Məhkəmə prosesi davam edir.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən “Qrand Hotel”də baş verib. Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, özündən 8 yaş kiçik Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.

Virtualaz.org

Xəbərlər