549
Ölkə 12 fevral — 13:13

“Qızın ailəsinin bundan xəbərinin olmadığını dedi, söhbəti 100 manatla həll etdik”

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq törətməkdə ittiham olunan Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsiləndirilən Ş.Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib.

O, ifadəsində göstərib ki, Xətai rayonu “Ukrayna” dairəsinin yaxınlığında yerləşən parkda gəzikərkən gənc oğlanla qızın oturacaqda yan-yana əyləşdiklərini görüb onlara yaxınlaşıb: "Məndən kim olduğumu soruşdu. Dedim ki, polisəm. Oğlana qızın ailəsinin bundan xəbərinin olub-olmadığını soruşdum. Məni kənara çəkdi. Qızın aləsinin bundan xəbərinin olmadığını dedi. Söhbəti 100 manatla həll etdik. Mən də çıxıb getdim".

Tərəflərin suallarını cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı üzərində boş qaz balonu olub: "Onu əvvəllər küçədən tapmışdım. Gənclərə yaxınlaşmaqda məqsədim asayişi qorumaq idi, onlardan pul almaq niyyətində deyildim".

Əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında çalışan Ş.Məmmədov sonradan polisdən qovulduğunu deyib.

Zərərçəkmiş Ülvi Abdullazadə ifadəsində parkda nişanlısı ilə gəzərkən bir nəfərin onlara yaxınlaşıb, polis əməkdaşı olduğunu dediyini söyləyib. Daha sonrasa onu nişanlısının yanında döyüb, 100 manat pulunu alıb.

Qeyd edək ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.

Sözügedən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.

Virtualaz.org

Xəbərlər