258
Ölkə 12 fevral — 12:01

Azərbaycanın enerji sistemi tam avtomatlaşdırılır

“Azərenerji” ASC etibarlılıq və təhlükəsizliyi gücləndirmək üçün enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur. Bununla da ölkənin enerji sistemi həm idarəetmə, həm də kiber hücumlara qarşı daha dayanıqlı olacaq.

Bu haqda virtualaz.org-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və informasiya Mərkəzinin rəhbəri Teymur Abdullayev bildirib.

T.Abdullayev deyib ki, aparılan yenidənqurma işləri çərçivəsində artıq yüksəkgərginlikli elektrik ötürmə xətləri və yarımstansiyalarda qəzaların qarşısını almaq məqsədilə gərginliyin kəskin düşməsinin qarşısını alan mikroprossesor texnikası əsasında əks-qəza avtomatikası işə salınıb.

“Yenilənəcək SCADA sistemi daha çox enerji obyektini əhatə etməklə müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılacaq. Hal-hazırda istismarda olan SCADAidarəetmə sistemi 45 enerji obyektini əhatə edir”-T.Abdullayev bildirib.

“Azərenerji” ASC-nin nümayəndəsi deyib ki, SCADA layihəsinin həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində 30 elektrik stansiyasının və 150-yə yaxın yarımstansiyanın əhatə olunması nəzərdə tutulur. Yeni sistemin imkanları geniş olacaq və müstəqil enerji istehsalçılarının qoşulmasına da imkan yaranacaq.

Eyni zamanda yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq.  Bu da ötürmə itkiləri və stansiyalarda yanacaq sərfi nəzərə alınmaqla enerji sisteminin rejimlərinin optimallaşdırılmasına və çəkilən xərclərin minimallaşdırılmasına gətirib çıxaracaq.

“Bundan başqa kiber hücumlara dayanıqlı olmaqla, qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsini, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə texniki dəstək olacaq. Eyni zamanda yeni sistemin tərkibində elektrik enerjisi bazarını (spot-bazar və balanslaşdırıcı bazar) texnoloji cəhətdən dəstəkləyən alt-sistem nəzərdə tutulacaq»-T.Abdullayev deyib.

O, əlavə edib ki, hazırda xarici məsləhətçi şirkətin nümayəndəsinin iştirakı ilə texniki spesfikasiya hazırlanır və mart ayında xarici şirkətlərin də iştirakı ilə tender keçiriləcək.

T.Abdullayevin xatırlatdığı kimi  Azərbaycan enerjisistemində SCADA layihəsinin birinci fazası 2005-2011-ci illərdə həyata keçirilib. Lakin rəqəmsal texnologiya çox sürətlə inkişaf etdiyinə görə sistemin müəyyən komponentləri hal-hazırda istehsalçı şirkətlər tərəfindən dəstəklənmir və artıq istismardan çıxarılıb.

“Bu da mövcud SCADA sistemində müəyyən problemlər yaradıb. Yenidənqurmanı şərtləndirən amillərdən biri də ötən il istehsalçı şirkətin apardığı audit zamanı müəyyən edilmiş texniki qüsurlar. Digər tərəfdən ötən ilin iyul ayında enerji sistemin baş vermiş sistem qəzası ilə ilə əlaqədar prezident İlham Əliyevin elektroenergetika sektoruqarşısında qoyduğu hədəflərə çatmaq üçün “Azərenerji” rəhbərliyi enerjisistemin Dispetçer İdarəetmə Mərkəzinin yenidən qurulmasını günün tələbi hesab edir»-o bildirib.

Virtualaz.org

Xəbərlər