214
Ölkə 11 fevral — 13:40

Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq

Bu il Azərbaycanda “İnnovasiyalar evi”nin yaradılmasına başlanacaq.

Virtualaz.org-un məlumatına görə, bunu "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O bildirib ki, “İnnovasiyalar evi” hər kəs üçün faydalı olacaq, çünki burada biliklərin transferi mərkəzi fəaliyyət göstərəcək: “Bu il Xətai Telefon Qovşağının ərazisində evin inşasına başlanılacaq. Güman edirik ki, bu mərkəz gənclərimiz, ümumuyyətlə innovativ ideyaları olan hər bir şəxs üçün faydalı olacaq. Bu mərkəzdə də əqli mülkiyyətin, yaxud biliklərin transferi mərkəzi də fəaliyyət göstərəcək. Yəni, ideyaların kommersiyalaşması istiqamətində gənclərə dövlət tərəfindən dəstək göstəriləcək".

Nazir müavini hazırda “Hökumət buludu” texnologiyasının, "DATA mərkəzi"nin yaradılması, internetin inkişafı və tədris müəssisələrində yeni ixtisasların yaradılması üzrə reallaşdırılan layihələri də qeyd edib: “Bu gün ölkə məlumatlar iqtisadiyyatına keçir. Davos forumunun hesabatlarından birində göstərildiyi kimi, hazırda təhsil alanların 65 faizi gələcəkdə bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Ona görə də təhsil sahəsində yeni ixtisaslar və texnologiyalar tətbiq etmək vacibdir. Hesab edirəm ki, aidiyyəti qurumlarla birgə fəaliyyət nəticəsində biz bu işləri yerinə yetirə biləcəyik.”.

Xəbərlər