709
Ölkə 12 yanvar — 12:33

“Subsidiyaların verilməsində böyük pozuntular olub, köhnə gübrələr alınıb...”

Nazirlər Kabinetinin dünən keçirilmiş iclası zamanı prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində aparılan islahatlar və əvvəllər yol verilmiş nöqsanlar haqda ətraflı danışıb. Prezident bildirib ki, subsidiyaların verilməsində böyük pozuntular olub, habelə xaricdən köhnə gübrələr alınıb.

“Qeyd etdiyim kimi, kənd təsərrüfatı sahəsində 4,6 faiz artım yaxşı göstəricidir. Ancaq bu sahədə də çox ciddi islahatlar aparılır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bir çox önəmli təşəbbüslər irəli sürüb. Mən onları bəyənmişəm, dəstəkləmişəm. İndi onların icrası başlanılır. Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı artacaq, qeyd etdiyim kimi, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik»-İlham Əliyev çıxışında deyib.

Prezidentin sözlərinə görə, elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biridir. Subsidiyalarla bağlı təkliflər imkan verəcək ki, bu sahədə də müsbətə doğru çox ciddi dönüş yaransın.

“Çünki subsidiyaların verilməsində də böyük pozuntular olmuşdur. Bəzi hallarda subsidiyalar ünvana çatmırdı, bəzi hallarda çox kortəbii şəkildə verilirdi. Dövlət tərəfindən güzəştli şərtlərlə alınması nəzərdə tutulan gübrələr də bir çox hallarda keyfiyyətsiz idi. İndi gübrə təminatında dövlət 70 faiz yükü öz üzərinə götürür. Amma bəzi hallarda keyfiyyətsiz, müddəti keçmiş gübrələr gətirilirdi və o, kənd təsərrüfatına xeyirdən çox ziyan verirdi. Digər pozuntular da olub. Ona görə bütün pozuntular aradan qaldırılmalıdır. Kənddə işləyən vətəndaş daim hiss etməlidir ki, dövlət hər zaman onun yanındadır»-İlham Əliyev nazirliyin əvvəlki rəhbərliyinin fəaliyyəti barədə danışarkən bildirib.

İlham Əliyev onu da deyib ki, kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görülüb.Təkcə keçən il 5800 texnika alınıb. Əvvəlki illərdə bəzən 9 min, 8 min texnika alınıb.

“Biz texnika parkımızı böyük dərəcədə təzələmişik. Ən qabaqcıl şirkətlərin texnikası alınır, istər taxılçılıqda, istər pambıqçılıqda və digər sahələrdə. Ona görə biz bu sahədə işlərimizi davam etdirəcəyik. Biz kəndliləri torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad etmişik. Mən bilmirəm bu qədər dəstək göstərən ikinci belə ölkə varmı? Gübrə 70 faiz, yanacaq 50 faiz dövlətin hesabına, texnika dövlət tərəfindən alınaraq güzəştli şərtlərlə verilir, subsidiyalar, infrastruktur layihələri”, - İlham Əliyev bildirib.

Xəbərlər