1022
Ölkə 11 oktyabr — 18:48

İlham Əliyev Quba ilə bağlı 4 sərəncam imzaladı

Prezident İlham Əliyev Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda bildirilir ki, son illər ərzində Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı infrastruktur layihələri, o cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilib və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir.

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Sərəncamda qeyd edilir ki, Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

X X X

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə Azərbaycanın 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

X X X

Prezident İlham Əliyevin digər sərəncamı Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqındadır.

Sərəncamda qeyd edilir ki, Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 X X X

 Prezident İlham Əliyev Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında da sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Quba rayonunda sosialyönümlü bir sıra mühüm layihələr həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, “ASAN Həyat” Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Bayraq və Tarix-Diyarşünaslıq muzeyləri, Yaşıl Teatr, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilib, ən müasir tələblərə cavab verən turizm obyektləri, 64 ümumtəhsil məktəbi istifadəyə verilib. Bununla yanaşı, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulub, ümumi gücü 105 MVt olan “Şahdağ” Elektrik Stansiyası istismara verilib, xalçaçılıq müəssisəsi, “ABAD Factory” kompleksi, “Qubaekoaqrar” MMC-nin meyvə emalı müəssisəsi yaradılıb, 18 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda qeyd edilir ki, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılıb ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Xəbərlər