625
Ölkə 10 avqust — 17:00

Prezident Azərbaycanda uşaqların icbari dispanserizasiyası proqramını təsdiqlədi

Ötən gün prezident İlham Əliyev uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkarlanması və ölüm səviyyəsinin azaldılması məqsədilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Virtualaz.org saytı xəbər verir ki, dövlət proqramının təsdiqi müayinə və müalicənin qiymətindən narazılıq edən və övladını ildə bir dəfə olsa belə müayinədən keçirməyən valideynlərin bəhanələrinə son qoyacaq. Proqramda qarşıdakı 5 ildə xüsusilə aztəminatlı ailələrin uşaqlarının sağlamlığı üçün bir çox əhəmiyyətli tədbirlər nəzərdə tutulub.

Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi, həmçinin Səhiyyə nazirliklərinə çətin həyat şəraitində yaşayan xəstə və xəstələnmə riski olan uşaqların sosial xidmət müəssisələrinə, sanatoriyalara yerləşdirilməsi, eləcə də müalicəsinin təşkili həvalə edilib. Uşaqların qurd xəstəliklərinə qarşı müayinə və müalicəsi üçün bağça və məktəblərdə mütəmadi tədbirlər keçirilməsi tapşırılıb. Üstəlik, orta məktəblərdə həkim kabinetlərinin təşkili, uşaqlara xidmət göstərən tibb işçilərinin bilik və bacarıqlarının artırılması da tapşırıqlar sırasındadır.

Dövlət pulsuz müayinə və müalicə təklif edir, valideyn necə yararlanacaq…

Dövlət proqramında ürək xəstəliklərindən tutmuş uşaqlar arasında yayılan tənəffüs xəstəliklərinədək bir çox xəstəliklərin erkən aşkarlanması üçün tədbirlər müəyyənləşdirilib. Habelə proqram valideyinlər arasında maarifləndirmə kampaniyalarının aparılmasını nəzərdə tutur.

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev virtiualaz.org-a deyib ki, region ölkələri arasında icbari dispanserizasiya haqqında qanunvericilik yalnız Azərbaycanda qəbul olunub. Kütləvi dispanserizasiyası indiyədək yüzlərlə azyaşlının həyatını xilas edib.

“Ana və uşaqların sağlamlığının qorunması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müxtəlif layihə və proqramlar həyata keçirilib. Amma uşaqların icbari dispanserizasiyası əhəmiyyətinə görə fərqlənir. Çünki yeni doğulmuş körpədən tutmuş 18 yaşa qədər bütün uşaqlar müayinəyə cəlb olunurlar. Ötən il uşaqların 92 faizi müayinəyə edilib”, -Quliyev bildirib.

Baş pediatrın sözlərinə görə, son illər uşaqlar arasında ölüm faizi azalıb, məqsəd ölüm səviyyəsini minumuma endirməkdir. Tibbi müayinələr zamanı uşaqlarda xəstəliklər aşkar olunduqda, yaxud sağlamlığın pozulması riski müəyyən edildikdə, əlavə müayinələr təyin edilir. Ehtiyac yarandıqda isə uşaq dispanser qeydiyyatına götürülür və həkim nəzarətində müalicə olunur.

10 mütəxəssisin iştirakı ilə briqadalar yaradılır

Uşaqların icbari dispanserizasiyası üçün 10 mütəxəssisdən ibarət briqadalar yaradılır. Həkim briqadalarına pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, endokrinoloq, stomatoloq, infeksionist, kardioloq və ehtiyac olduqda digər mütəxəssislər də daxil edilirlər.

Uşaqlar poliklinika, uşaq ambulator klinik müəssisələrdə, məktəblərdə, bağçalarda müayinəyə cəlb ediləcəklər. Kənd yerlərində isə səyyar həkim briqadaları təşkil olunacaq.

Nəsib Quliyev əlavə edib ki, icbari dispanserizasiya nazirliyin nəzarətindədir, vaxtlı-vaxtında nəticələrlə bağlı hesabat verilir. İcbari dispanserizasiya tədbirlərinin monitorinqini həyata keçirmək üçün Səhiyyə Nazirliyi tərəfindən mobil qruplar yaradılır. Bu qruplar ildə iki dəfə regionlarda icbari dispanserizasiya tədbirlərinin gedişatına nəzarət edirlər.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər