2593
19 İyun 2013, 15:04

“Artur Rəsizadə mənə söz verib ki, dilimizi öyrənəcək”

Sabir Rüstəmxanlı: “Əbülfəs Qarayevlə də bu barədə danışmışam” 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı həm də söz adamıdır. Tanınmış şair-publisist Azərbaycan Dil Qurumunun başqanı kimi çox vacib və faydalı bir işlə məşğuldur. Sabir bəyin dilimizin saflığının qorunması istiqamətdəki xidmətləri danılmazdır.

Onunla söhbətimizdə də elə bu sahədəki vəziyyəti müzakirə etmək istəyirdik. Çünki sirr deyil ki, necə deyərlər, bu gün ana dilimizin anasını ağladanlar çoxdur. Hələ heç dilimizdə hıqqana-hıqqana danışan nazirləri, məmurları demirik. Küçə reklamlarının dili, TV-lərin dili bərbad durumdadır. Dil Qurumunun  başqanı söhbətə də elə bu nöqsanlardan danışmaqla başladı:

- Ölü dövlətlər olduğu kimi ölü dillər də var. Xalqın dövləti, mədəniyyəti və dini onun dilinin əsas qida mənbələrindəndir. Xaqın gücü və müstəqil dövləti onun nüfuzunu dünyaya yaydığı kimi dilini də yayır və böyüdür, inkişaf etdirir. Bu mənada dövlət müstəqilliyimiz ana dilimizin inkişafı üçün son dərəcə geniş bir meydan açıb, arzuladığımız şəraiti yaradıb. Lakin ana dilimizin dövlət dili olması, rəsmən qorunması hələ onun bütün çətinlikləri adlayıb geniş inkişaf yoluna çıxması demək deyil. Müstəqilliyin də öz dil problemləri var. Azərbaycan Dil Qurumu olaraq neçə ildir məhz bunu deyir, həyəcan təbilini dilin ölümündən qorxaraq yox, dilə tələbatın artması baxımından çalırıq.

- Sabir bəy, dil qaydalarına necə əməl olunur? 

- Bədii dilimiz təmizlənib durulduğu halda rəsmi ədəbi dilimiz getdikcə daha da qəlizləşir, çox vaxt ehtiyac olmadan yabançı - ərəb, fars, Avropa kökənli kəlmələrlə doldurulur. Bunu müşahidə etmək üçün rəsmi materialların, qanunlarımızın, hətta dilçi alimlərimizin yazı dilinə baxmaq kifayətdir. Küçələrimiz sonrakı məsələdir. Hamımızı üzən bir məsələdir. Ana dilinə münasibət - milli kimliyə, milli varlığa, öz tarixinə, öz keçmişinə və gələcəyinə münasibətdir. Millətin özünün özünə münasibətdir. Nəticədən də görünür ki, bizim millətin özünün özünə münasibəti məsuliyyətsizdir. Biz bu işin sonunu düşünməyən bir cəmiyyətik. Eyni şəkildə bizim qonşuluqdakı bütün millətlərə də təzyiqlər olub, amma heç kim soyadını, əlifbasını dəyişməyib. Bizim millətdən başqa. O millətlərə də təzyiqlər olub, amma onlar müqavimət göstəriblər, soyköklərini qoruyublar. Millət olaraq özlərinə sahib çıxıblar. Amma biz sahib olduqlarımızdan çox asanlıqla əl çəkirik. Başqasının təsiri altında assimilyasiyaya uğramaq bizim millətin, Azərbaycan türklərinin ən zəif cəhətidir. İllərdir tariximizə  olan bu münasibət dilə də təsirsiz ötüşə bilməzdi. Bugünkü nəticələr də onun bəhrəsidir. 

- Dil qaydalarına riayət olunması ilə bağlı monitorinqlər keçirirsiniz. Nəticələr necə oldu? 

- Dil qanunu qəbul edilməsinə baxmayaraq məmurlardan tutmuş ən adi insanlara qədər hər bir valideyn uşağı ilə rus, ingilis dilində danışır, övladlarını xarici dillərdə təhsil almağa yollayır. Bu gənc ana dilini və tarixini biləcəkmi? Rusdan daha artıq rus olmaq istəyirik. Bu ənənədən qopmaq istəməməyimiz bir ayıb, hələ üstəlik bununla fəxr də edirik. Mən bunu dilimizin zəifliyi və ya ifadə imkanlarının azlığı kimi qəbul edə bilmərəm. Bu sadəcə olaraq bir dəbdir. Özü də bu dəb bizi kiçik görmək niyyətindən doğur. Unutmayaq ki, türk dili dünyanın ən zəngin dillərindən biridir. Çətin tələffüz olunan onlarla söz var ki, Türkiyə türkcəsində və ya digər türk ləhcələrində onların çox gözəl qarşılığına rast gəlmək olur. Həm də bu qarşılıqlar - kəlmələr öz qədim sözlərimizdir. Nədənsə onları dilimizə cəlb etmirik. Məsələn, «problem» əvəzinə «sorun», «nümunə» əvəzinə «örnək», «təyyarə» əvəzinə «uçaq», «müvəffəqiyyət» əvəzinə «uğur», «həqiqət» əvəzinə «gerçək» və s. Amma tam tərsinədir. Hətta bəzən dilçilərimiz də bu təmizlənməyə qarşı çıxırlar ki, vay, amandı, qoymayın, gözəl dilimizi türkləşdirdilər. Bu nə deməkdir? Məhz elə bu cür - on illərlə rusca qırıldadanlar dilimizdəki ərəb, fars kəlmələrinin təmiz türk sözü ilə əvəzlənməsini bu cür hay-küylə qarşılayırlar.

İllərdir monitorinqlər keçiririk. Sabah - iyunun 20-də digər bir monitorinqimizin tamamlanır. Nəticələr ürəkaçan deyil. Hətta əsəblərimizə toxunur. Reklamlar, elanlar, çarxlar, lövhələr, yaşayış obyektləri, şadlıq evləri və digər müəssisələrin adlarında Avropanın basqısı açıq-aydın göz önündədir. Xarici adlar saysız-hesabsızdır. Adları orada qalsın, sifətlərini də reklam carxlarında beynimizə yeridirlər. Basqı ifrat dərəcədədir. 

- Bəs mətbuatda, TV-lərdə dilin vəziyyəti nə yerdədir? 

- Efirdə nəticə müsbətdir. Çünkü artıq TV-də dərslər keçirilir, bədii şuralar yaradıldı. Bir ailənin təməlinin qoyulduğu şadlıq evinin adı əxlaqa uymayan addırsa, gəlin bu günü düşünək, sabahı yox. Prinsip etibarilə sərəncam verilib. Sadəcə onu yerinə yetirmək lazımdır. Bu işdə də hamı iştirak etməlidir. Zaman vardı, televiziyalarda filmləri dublyaj edəndə də məhz belə eybəcər bir iş baş verirdi. Təmiz türk sözləri bizim əl çəkmədiyimiz yabançı sözlərlə əvəzlənirdi. Mən dilin süni şəkildə, tələsik yenilənməsinə qarşıyam, lakin imkan düşdükcə təmizlik işi, yeni söz yaradıcılığı da getməlidir.«Dil süzgəci» zəruridir. Əlaqələrimiz genişləndikcə başqa dillərin basqısı da güclənir. Müqavimət, seçim olmasa, dilimiz anlaşılmaz bir hala düşəcək. Nəzərə almalıyıq ki, millət olaraq biz özgənin, yadın aşiqiyik, özümüzdən çox başqasını sevirik. İndi də tənbəllikdən yarırusca-yarıtürkcə danışanları görəndə adam bu dil məsuliyyətsizliyindən heyrətə gəlir. Dil heç kimin şəxsi malı deyil ki, ondan necə gəldi istifadə eləsin. Ən böyük sərvətinə münasibətdə sayğısızlığı xalq özü qınamalıdır.

- Sabir bəy, amma bəzi məmurlar, məsələn, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AZAL prezidenti Cahangir Əsgərov, daha neçəsi öz dilimizdə çətinliklə danışırlar. Xalq onları necə qınasın? 

- Artur müəllimlə, də Əbülfəs müəllimlə bu barədə danışmışam. Mənə söz veriblər ki, dilimizi tezliklə öyrənəcəklər. 

Aysel Talıbqızı

Virtualaz.org

Xəbərlər