3111
12 oktyabr — 13:33

“İndi xanım müğənnilər imkanlı kişi axtarır ki...”

Cavad Rəcəbov: “Heç bir bəstəkar öyünə bilməz ki, onun mahnısını bəstələdiyi kimi oxumuşam”

Çoxu onu “bizim Cavad” kimi tanıyır. Cənub bölgəsində daha çox populyardır. Talış dilində də oxuduğu mahnılar, üstəlik həm mahnı oxumağı, həm də müxtəlif musiqi alətlərində ifa etməyi ona bu bölgənin el şənliklərində xeyli tələbat yaradıb.

Amma təkcə bu da deyil. Cavad bəy Rusiyada da tez-tez arzulanan müğənnidir. Müğənni tez-tez şimal ölkəsindəki cənubluların qonağı olur...

60-a yaxın yaşı olmasına baxmayaraq hər zaman coşqulu olan Cavad Rəcəbov nələrədənsə şikayətci idi. Bəs nələrdən? Elə buna aydınlıq gətirmək üçün Cavad bəylə söhbətləşdik. Uzun-uzadı söhbət etdik. Amma danışmaqdansa oxumaq yaxşıdır. Həmin söhbəti virtualaz.org saytının oxucularına təqdim edirik...

 

- Cavad bəy, əvvəla bunu soruşum. Yaşınız az deyil. 60 yaş zarafat gəlməsin. Amma səhnədə 20 yaşlı gənc kimi çılğınsınız. Bu qədər enerjini haradan alırsınız?

- Mənim həyatımda, xarakterimdə, görkəmimdə cəlbedici, yaxşı hər nə varsa, bunlara görə musiqiyə borcluyam. Musiqi mənim həyatımdır. Ansamblımın qarşısında, mikrofon əlimdə olanda özümü suda balıq kimi çevik və coşqulu hiss edirəm. Ansamblım məni hər hərəkətimdən anlayır. Əl hərəkətlərim dirijorluq kimi alınır. Amma bəzən özümdən asılı olmadan oxuyaraq rəqs edirəm. Kimsə bilmir ki, mən o anlarda özümdə olmuram, yanımda kimsəni hiss etmirəm... Həmin anlarda tamam başqa bir aləmdə oluram, sanki uçuram. Bəzən ansambl çalmağa başlayan kimi içimə elə güc-qüvvə dolur ki, elə bilirəm ayaqlarım indicə yerdən üzüləcək. Yəqin məni qoruyan və qüvvə verən ayrı varlıqlar da var. Mən onun adına “ilham pərisi” deyirəm. Bəlkə də bu, əslində sirli bir qüvvədir. Heç bir bəstəkar öyünə bilməz ki, mən onun mahnısını bəstələdiyi kimi oxumuşam. Bəstəkarlara az qala həmmüəlliflik edirəm. Məni birinci növbədə mahnının qəlbləri riqqətə gətirməsi, dinləyicinin ruhunu qidalandırması maraqlandırır. Əgər buna nail oluramsa, bu, mənim ən ali mükafatımdır.

- Sorğu keçirdim və bir çoxları sizi öz işini bilməyən qeyri-ciddi bir ara müğənnisi kimi səciyyələndirdi...

- Bu nə deməkdir? Bu sualın məni qəzəbləndirdi. Hamı məni sevməyə məcbur deyil. Mən öz sənətimin peşəkarı olmasaydım, 50 il sənətdə qalmazdım. Qalmasaydım, hər il ölkəmizin onlarla şəhərinə, hətta Rusiya şəhərlərinə də el şənliklərinə, konsertlərə dəvət almazdım. Dünyanın 23 şəhərində konsert vermiş, toylarda oxumuşam. Qeyri-ciddi sənətçiyə belə maraq olardımı? Mənim oxuduğum mahnıların əksəriyyəti Azərbaycan və digər ölkə bəstəkarlarının bəstələdiyi mahnılardır. Bəli, xarici ölkə mahnılarını azərbaycancaya çevirəndə bəzi mahnıların sözlərində bir az adilik, bir az loruluq yaranır. Amma hansı müğənninin ifa etdiyi mahnıların sözləri tamam aydan arı, sudan durudur? Hətta peşəkar şairlərin sözlərinə bəstələnmiş ucuz mahnılar da az deyil. Sənətçilər arasında bir az paxıllıq da var axı. Mənim Lənkəranda yaşayaraq tez-tez efirlərdə görünməyim bəzilərini çox qısqandırır. Onlar bəlkə də elə düşünür ki, telekanalların əyalətdə yaşayan bir ara müğənnisinə bu qədər marağı olmamalıdır axı, niyə var bəs və s. Bu da bəzilərini narahat edir.

- Deyirlər ki, efirə çıxmaq üçün telekanal rəhbərlərinə pul vermək lazımdır. Doğrudanmı belədir? Şəxsən sizdən pul istəyən olub?

- Deyə bilmərəm. Bəlkə də kimlər üçünsə elədir, amma mən qonorar almalı ikən TV-lərdə pul niyə verməliyəm ki? Ölkənin elə telekanalı yoxdur ki, ora mütəmadi dəvət almayım. Bəzən ay ərzində 10-15 çəkiliş olur. Bunlar rüşvət bahasına olardısa, onda mənim qazancım elə televiziyalara gedərdi ki... Amma olur ki, bəzən özüm öz xoşumla kimlərəsə pay-puş gətirirəm. O da uzağı rayon payı olur. Bu isə mənim öz qabiliyyət məsələmdir. Mən nə rüşvət alıram, nə də verirəm.

- Bu, bəlkə sizin xəsisliyinizdən irəli gəlir...?

- Yox. Bu, mənim halallığa, düzlüyə, təmizliyə və bir də öz alın tərimlə qazandığım çörəyə münasibətimdən irəli gəlir. Xəsislik başqa şeydir. Xeyriyyəçiliyimdən faktlar gətirsəm, bu, qeyri-təvazökarlıq olar. Həm də adam gərək elədiyi yaxşı əməlləri dilinə gətirməsin.

- Dediniz ki, dünyanın 23 böyük şəhərində konsertləriniz olub. Bəs Bakıda və ya yaşadığınız Lənkəranda necə?

- Bakıda gənclik yaşlarımda bir neçə solo konsertim olub. Daha çox kollektiv konsertlərə meyl edirəm və səhnəni paylaşmağı xoşlayıram. İstəyirəm ki, dinləyici bir konsertdə müxtəlif ifaları dinləsin, zövqü formalaşsın, müqayisə edə və həqiqi qiymət verə bilsin. Lənkəranda da “Dostluq” parkının bədii rəhbəri olarkən bir neçə dəfə konsertim olub. Amma doğrusu, son 25 ildə Lənkəranda solo konsertim olmayıb. Bizim Mədəniyyət Mərkəzinin direktoru, yazıçı-publisist Hafiz Mirzə də bu məsələdə çox təkid edir, deyir Cavad, konsert ver. Hər halda bu heç səbəbsiz deyil. İnşallah, məhərrəmlik ayından sonra böyük konsert verməyi nəzərdə tuturam. Əslində nəzərə alıram ki, yerlilərim onsuz da toylarda məni kifayət qədər çox dinləyir, odur ki, solo konsertlərə marağım elə də böyük deyil. İnşallah, bəlkə lap Bakıda da konsert verdim.

- Cavad Rəcəbovun bu vaxta qədər fəxri adı niyə yoxdur?

- Bu, mənə ən çox verilən suallardan biridir. Səbəbini tam açıqlaya bilmərəm. Mənim barəmdə dəfələrlə təqdimatlar verilib. Ancaq bir qara əl barəmdəki təqdimatı hər dəfə bir kənara itələyib. Bunu heç də faciə hesab etmirəm. Məgər biz sənətə fəxri ad almaq üçün gəlmişik? Məndən daha çox təcrübəsi olan o qədər sənətçilər var ki, hətta yaşları 70-ə yaxınlaşır, amma hələ də fəxri ad almayıblar. Dostum Hafiz Mirzə bir dəfə mənim barəmdə yazmışdı ki, Cavadın fəxri adı var. Bir halda ki onu efirdə görəndə əksər insanlar “bu, bizim Cavaddır” deyir, bu addan daha uca, daha fəxarətli ad nə ola bilər ki?! Əməkdar artist? Məgər biz 1000-ə yaxın mahnını heç bir əmək sərf etmədən hazırlamışıq? Xalq artisti? “Bizim Cavad” adını mənə elə xalq verib də. Onu da deyim ki, mənim Lənkəranda böyük solo konsertim 10 ildir həm də elə bu fəxri ada görə yubanır. Hamı tezliklə rəsmi ad alacağımı düşünür və məhz bundan sonra yaradıcılıq hesabatı xarakterini daşıyan konsert verməyimi daha münasib hesab edir.

- Dövlət tədbirlərinə dəvət alırsınızmı?

- Son 20-25 ildə Lənkəranda keçirilən elə milli bayram və dövlət tədbiri yoxdur ki, mən onun proqramına salınmamış olum. Hətta Bakıdan konsert briqadaları gələndə də məni proqrama salırlar. Dəvət olunduğum bütün yerlərə gedirəm. Hətta gənclər və ya yeniyetmələr də məni öz tədbirlərinə dəvət edirlər, mən də gedirəm. Bunlar məccani, yəni müftə dəvətlərdir. Rusiyanın müxtəlif şəhərlərində məskunlaşmış həmyerlilərim məni öz toylarına tez-tez çağırırlar. Bəzən öz toylarını yaxın günlərə salırlar ki, mən gələndə hamısında iştirak edə bilim. Orada ay ərzində iki-üç toya getmək burada 3-4 ay hər gün toya getməyimdən daha sərfəli olur. Amma orada da xalqımıza fəxarət gətirəcək bir sıra qeyri-kommersiya xarakterli tədbirlərdə iştirak etmişəm. Azərbaycan icmasına hörmət qazandırmağa çalışıram.

- İndi tez-tez deyirlər ki, milli dəyərlərimiz unudulur, gözdən-dəyərdən salınır. Bununla razısınızmı?

- Qismən razıyam. Amma gəlin görək bunu kim edir? Milli dəyərlərimizi ayaqlar altına atmış abırsız müğənniləri başa çıxaran, ailə mərasimlərinə dəvət edən, yüksək qonorar ödəyən də elə bizim xalqın nümayəndələridir də. Başqa xalqlar onlara heç əhəmiyyət vermir. Valideynlər öz övladlarını uşaq hesab edib geyiminə-keciminə, davranışına ciddi əhəmiyyət vermirlər, amma milli dəyərlərin hörmətdən düşməsi barədə daha ucadan da elələri danışır. Mən öz proqramımda folklorumuza, hətta talış dilində mahnılara geniş yer verirəm, adət-ənənələrimizlə bağlı tədbirlərdə çıxış edirəm. Bəzən toy sahibinə bu xüsusda məsləhətlər də verirəm. Məsələn, toyda qoymuram bəylə-gəlin Mendelsonun musiqisinin sədaları altında zala daxil olsun. Hökmən “Vağzalı” çaldırıram. Şərbət əvəzinə şampan şərabı süzülməsinə də imkan vermirəm. Sağ olsunlar, çox adamlar mənimlə hesablaşırlar. Oğlum Cavid də, qızım da mömindir. Anam Leyla xanım hacıdır.

- Hə, Cavid Cavadoğlu musiqi aləminə yaxşı tanışdır...

- Cavid mənim mahnılarımın da əksəriyyətinin aranjemançısıdır. Bakıda yaşayır. Burada onun müştəriləri çoxdur, vaxt tapmır. Hamısı da fəxri adları olan məşhur sənətçilərdir. Mənimlə işləməyə isə özü təşəbbüs göstərir. Başqa ölkələrə qastrol səfərinə çıxanda Cavidlə gedirəm. O, təkbaşına bir neçə alətdə mükəmməl çalaraq məni uğurla müşayiət edir. İki nəfərlikdə az qala 10 nəfərin əvəzinə çalırıq.

- Cavad müəllim, indi gənclər daha çox şou-biznesin aparıcı müğənnilərinə meyllidir. Elə gənc müğənnilər də hakəza. Çünki pullu “dayılar” daha çox bu sahənin adamlarına dayaq olur, əl tutur, avtomobil bağışlayırlar...

- Mənim indiyə qədər kimsə sponsorum olmayıb. Həmişə özüm öz sənətimlə qarşımdakı problemləri həll etmişəm. Mənə indiyədək kimsə havayı yerə nəsə bağışlamayıb. Belçikada konsertlər verdim, təşkilatçılar qonorar əvəzinə mənə bir “Audi” maşını bağışladılar. Onu da Lənkərana gətirib çıxarmaq mənə onun öz qiymətindən baha başa gəldi. Mənim sponsorlarım yox, çoxlu pərəstişkarım və dostum var. Əgər öz ölkəmdə sponsorum yoxdursa, uzaq ölkələrdə heç yoxdur. Sadəcə mənim sənətimin vurğunları var ki, onlar mənə müraciət edirlər. Çoxunu heç tanımıram. Amma siz onu doğru buyurursunuz ki, indi xanım müğənnilər tanınmaq, inkişaf etmək, səsini cilalamaq yolunda imkanlı  kişi sponsor axtarır. Deyirlər incəsənət qurban tələb edir. Bir çoxları bu qurbanın onun namusu, ləyaqəti, isməti olduğunu düşünür. Mən elələri ilə səhnəni paylaşmaqdan da xəcalət çəkirəm. Amma nə etmək olar, günümüzün reallıqlarıdır.

Tural Balabəyli

Virtualaz.org

Xəbərlər