3078
Dünən 21 Oktyabr 2016, 14:02

Bakının qırılan-zəbt olunan zeytun bağları: bu sahəni dirçəltmək mümkün olacaqmı...

Azərbaycanda son illər zeytunçuluq tənəzzülə uğrayıb. Sovet dövründə Abşeron yarımadasında salınmış və sovxozlara məxsus zeytun bağlarının əraziləri sonradan zəbt olundu, qırılan zeytunların yerində villalar ucaldıldı. Qalan zeytun bağları isə aqrotexniki qulluq göstərilmədiyindən baxımsız qaldı, məhsuldarlıq aşağı düşdü.

Zeytun bağlarının ərazilərini mənimsəyən çoxlu məmur-oliqarx göstərmək olar, ancaq onların arasında ən məşhuru hazırda həbsdə olan MTN generalı Akif Çovdarovdur. Çovdarov da ona görə məşhurlaşdı ki, onun 6-cı mikrorayonda yerləşən Zeytunluq massivinin ərazisində  tikdirdiyi villanı çəkdiyinə görə  “Azadlıq” qəzetinin reportyoru Aqil Xəlili döymüşdü. Bundan sonra jurnalist mühacirətə yollanmaq məcburiyyətində qaldı.

 

Adı var, özü… - Zeytun bağları

Zeytun elə bitkidir ki, hətta “Quran”da onun haqqında danışılır və “mübarək ağac” adlandırılır. Faydaları isə saymaqla bitmir. Qaraciyər, təzyiq, ürək-damar, bağırsaqlar, böyrək, bir sözlə, bütün orqanlar üçün lazımlı olan bu bitkinin faydalarını görünür, sovet dövründə yaxşı bilirdilər. Abşeronda ötən əsrin 70-ci illərində üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılıb.

Bundan başqa, Bilgəhda, Maştağada subtropik bitkilər, Buzovnadakı tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınıb. Zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib işə salınıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi Cümşüd Naxçıvanlı adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsi məcburi köçkünlər tərəfindən zəbt olunub, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb.

 

İnvestorları qaçıran nədir?

Bəs zeytunluqları bərpa etmək, artırmaq mümkün deyilmi? Zeytunçuluğu inkişaf etdirməklə, ölkədə zeytun bağlarını qorumaqla nə qədər qazanmaq olardı? Və ya biz nələri itirmişik? Virtualaz.org bu suallara cavab tapmağa çalışıb.

Ekspertlər hesab edirlər ki, zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. Həm də  zeytun bağlarının salınması üçün də külli miqdarda investisiya qoyulmalı, su çəkilməlidir. Yeni əkilmiş zeytun ağacları ən azı 2-3 il ərzində müntəzəm qulluq tələb edir. Bundan sonra isə ağaclara ciddi qulluq göstərməyə ehtiyac yoxdur. Çünki zeytun ağacları özünü tutandan sonra, ən sərt şəraitdə belə yaşamağa qadirdir. Qışda temperatur mənfi 3-4 dərəcədən yuxarı olan ərazilərdə zeytun kolları əkilə bilər.

Satış bazarı tapılacaqmı?

Bir neçə il əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov demişdi ki, şəhərin böyüməsi ilə əlaqədar  zeytunluqların bir hissəsi qırılıb. Lakin son illər görülən tədbirlər nəticəsində respublikanın zeytun bağlarının bir hissəsi bərpa olunub.

“Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hal-hazırda 900 hektara qədəri qorunub saxlanılıb ki, son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artıb. Müxtəlif bölgələrdə 2 100 ha sahədə 1 200 mindən artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilib”, - deyə nazir bildirib. 

Ekspert Qadir İbrahimli hazırda zeytunluqların sahəsi ilə bağlı qeyd olunan statistika ilə razılaşmır. Bu rəqəmlərin havadan alındığını deyən ekspertin virtualaz.org-a dediklərinə görə, zeytunluqların qırılması heç də icazəsiz baş verməyib. Bunların hər biri hansısa məmurun maraq dairəsində olan bir məsələdir. Bunu kim qırıb hansı məqsədlə qırıbsa, həmin məmurlar cəzalandırılmalıdır. Eksperthesab edir ki, əgər emal sənayesi inkişaf etməyibsə, bu zeytunluqların bərpası heç bir effekt verməyəcək. Çünki satış bazarı yoxdur. İlk növbədə bunu təmin etmək lazımdır.

“Hər hansı sahənin inkişafı üçün iqtisadiyyatda rəqabət mühiti yaradılmalı, islahatlar həyata keçirilməlidir, bazara yeni oyunçuların daxil olmalıdır. İnzibati qaydada hansısa məhsul növünü inkişafına diqqət ayrıb ondan daha çox gəlir götürmək haqqında fikirləşmək yanlışıdır və bu bazar iqtisadiyyatının təməl prinsiplərinə  ziddir»-Q.İbrahimli zeytunçuluğu yenidən dirçəltməklə bağlı hökumətdən səslənən təşəbbüslərə münasibətini bildirir.

Zeytunçuluğun inkişafı bizə nə verəcək?

Zeytunçuluğun inkişafı Azərbaycan iqtisadiyyatına nə verəcək? Ekspert hesab edir ki, emal sənayesinə investisiya yatırdıqdan sonra zeytun gəlirli olub-olmadığını müəyyənləşdirmək olar.

“Bir çox məsələlərin cavabını bazar özü verməlidir. İstənilən hesablamalarda yanlışılıq ola bilər. Bizdə belə bir populist yanaşma var ki, filan məhsulu özümüz istehsal etsək, gəlir götürə bilərik. Təbii ki, özümüz istehsal etsək yaxşıdır, amma bazarda bunu edə biləcək investorlar varmı? Bu suala cavab tapmaq lazımdır”, - deyə Q. İbrahimli bildirib.

Digər iqtisadçı ekspert Qalib Toğrul isə hesab edir ki, zeytunçuluğun inkişafı üçün Azərbaycanda çox münbit şərait var. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, son vaxtlar idxal azaldılır və ya tamamilə aradan qaldırılır ki, bəzi müəssisələr, yerli şirkətlər xammalı xaricdən gətirməsinlər.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”göstərilib ki, Azərbaycanda yol kənarlarında səs-küyün azaldılması məqsədilə meşə zolaqları salınmalıdır. Əvvəllər yol kənarlarında daha çox şam ağacları əkirdilər, indi zeytun ağacları əkilir. Bir ay əvvəl Ələt–Salyan, Hacıqabul  istiqamətində zeytun ağaclarının şahidi oldum. Artıq onlar bar veriblər, növbəti illərdə daha çox bar verəcəklər. Bir neçə ildən  sonra bu ağaclar ölkənin zeytuna olan tələbatın bir hissəsini ödəyəcək”, - deyə Q. Toğrul bildirib.

Elə Kənd Təsərrüfatı Nazirliyində də belə düşünürlər. Nazirliyin Əkinçilik İnstitutunun şöbə müdiri Əsəd Musayev ərzaq yağı ilə bağlı problemin həlli üçün yeni zeytun sahələrinin salınmasını təklif edir. Onun sözlərinə görə, Azərbaycanın bir çox bölgəsində, xüsusilə Abşeron yarımadasında bunun üçün əlverişli yerlər var: "Ölkədə ən azı 10 min hektarda zeytun sahəsi salmaq olar. Hazırda Azərbaycanda 2 min hektarda zeytun sahəsi var”. 

Gülnar Əliyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

Xəbərlər