839
Dünən 14 Noyabr 2021, 15:20

“Tablo ət-yağ deyil ki, hamı alsın...”

İki ilə yaxındır davam edən pandemiya Bakının küçə rəssamlarının da həyatını kökündən dəyişib. Turizm sektoru iflic olub, bir yandan da əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi səbəbindən sifarişlər kəskin azalıb. Həvəskar rəssamlar deyirlər ki, yoluxmanın pik vaxtında tətbiq edilən karantin günlərində illərlə qazandıqları müştərilərini itiriblər. Postkarantin günlərində isə bəzən həftələrlə, aylarla beş-on manat qazana bilmirlər. virtualaz.org saytının əməkdaşları postkarantin dövründə həvəskar rəssamların vəziyyəti ilə maraqlanıblar.

“Küçədə qocalırıq”

 ...Həvəskar rəssamlar gündəlik çörəkpulunu çıxarmaq üçün hər gün səhər saat 12-dən axşam 6-dək Fəvvarələr Meydanında müştəri gözləyirlər. Günortadan azacıq keçib və deyəsən sənətkarların əksəriyyəti naharda “boğazlarını yaşlayıblar”. Hər halda, özlərinin dediyi kimi, keflərindən içmirlər ki...

Rəssamlar deyirlər ki, fəsillər dəyişir, yağış isladır, gün qurudur, beləcə həftələri yola verirlər, küçədə qocalırlar. Amma başqa əlacları da yoxdur. Səbəbini izah etməsələr də, fotolarının çəkilməsinə razı olmurlar. Onlardan  biri deyir ki, rəssamı emalatxanasında, həvəslə işləyərkən çəkmək lazımdır. Küçədə  yeyib-içən, gəlib-gedənlərə bəlkə bir tablo alacaq deyə ümidlə baxan sənətkarın fotosunu çəkməzlər.

 190 manat sosial yardımla dolanıb

Həvəskar rəssamlardan biri ilə satıcısının vasitəsi ilə tanış oluruq. Satıcı danışır, özü isə deyilənləri başı ilə təsdiqləyir. 52 yaşlı Emin Nəcəfov karantin günlərində 1 il işsiz qalıb, ayda 190 manat sosial yardım almaqla dolanıb. 4 ay sosial yardım ala bilib, başqa gəlir yeri olmayıb.

Rəssam Nəcəfov küçədə sifarişlərini adi karandaşla çəkir. Sadə karandaşla çəkdiyi portretləri 20-25 manatdan satır. Satıcı deyir ki, Emin həvəskar rəssam olsa da, sadə karandaşla insanın hisslərini məharətlə kağıza köçürməyi bacarır.

“Pandemiya dövründə bir sifariş belə olmadı. Hamının başı virusa qarışmışdı. Tablo çörək, ət, yağ deyil kimsə məcbur olub alsın. İndi az-çox sifarişlər var. Turistlər də gəlməyə başlayıblar. Türklər gəlirlər, Azərbaycanla bağlı çəkilən rəsmləri alırlar”, - rəssamlardan biri söhbətə müdaxilə edir.

Emin Nəcəfov əlavə edir ki, emalatxanası da yoxdur, əsərlərini öz evində, yaxud elə küçədə daşa söykənib çəkir. Amma özünün dediyinə görə, çəkdiyi rəsm əsərləri sərgilərə çıxarılır və satış da pis olmur.

 “Müştərilərim ərəb turistləri idi…”

 Digər rəssam isə təqdim olunmasını istəmir. Deyir ki, onun əsərləri vaxtilə xaricdən gələn qonaqlara, yüksək çinli məmurlara bağışlanıb. Haqqında televiziyada verilişlər hazırlanıb, az-çox tanıyanı var. Onu tanıyanların yaddaşında giley edən rəssam kimi qalmaq istəmir.

64 yaşlı rəssam pandemiyayadək dolanışığından narazı olmayıb. Onun sözlərinə görə, pandemiyadan əvvəl müstəriləri əsasən ərəb turistləri, bir də yerli rəsm həvəskarları olub. Karantin tətbiq edildikdən sonra isə turist axını dayanıb, yerli həvəskarlar da yalnız ayda-ildə bir dəfə, ad günlərində, yaxud bayramlarda rəsm əsəri alırlar.   Yaşına görə başqa iş tapa da bilmir.

“Emalatxanam şəhərin mərkəzində, köhnə “Baksovet”də yerləşir. Düzdür, çoxdandır əl gəzdirə bilmirəm, yağış yağanda damır. Amma qəhrəmanların hamısının portretlərini çəkmişəm. Onları qəpik-quruşa satmaq istəmirəm. Nə vaxtsa vəziyyət düzələcək, sərgilər keçiriləcək. Həmin günləri görmək nəsib olacaqmı, bilmirəm. Təki aylarla əziyyət çəkdiyim tablolarım kimlərsə tərəfindən layiqincə qiymətləndirilsin” - rəssam deyir.

Əlavə edir ki, bu yaşında küçədə dayanıb müştəri gözləmək məcburiyyətində qaldığı üçün zamanəni, dünyanı bu vəziyyətə salanları qınayır. Amma əlindən başqa bir iş də gəlmir.

 Ata-ananın davasından əzab çəkən övlad

 Gəlib-gedənlərin diqqətini cəlb edən tablo ilə maraqlanırıq. Ailə zorakılığını əks etdirən tablo 14 yaşlı məktəbli qız tərəfindən çəkilib. Rəsmdə bir-birilərilə dalaşan valideynlər və bundan əzab çəkən övladları canlandırılıb. Satıcı deyir ki, bu yeniyetmə rəssamın ilk rəsm əsəri deyil. Yaşının az olmasına baxmayaraq çəkdiyi rəsmlər maraqla qarşılanır və alıcıları da az deyil. 

İsmayıl adlı satıcı danışır ki, bu ərazi Mədəniyyət Nazirliyi tərəfindən ayrılıb, şəhərin ən çox gediş-gəlişli yeridir. Amma 50 manatdan yuxarı qiymət  qoyulan əsərləri sata bilmirlər. Məsələn, 400 manatlıq mənzərə əsəri 11 aydır satılmır.

Rəssamlar da söhbətə qoşulur, deyir ki, indi hamısının gözləri yoldadır, pandemiyanın bitməsini, quru sərhədlərinin açılmasını, turistlərin yenidən Bakıya gəlməsini gözləyirlər. Bundan sonra güzəranları yaxşılaşacaq, kamera qarşısına keçməkdən, sualları cavablandırmaqdan da utanmayacaqlar…

Ü.Xudiyeva, İ.Rafiqqızı

virtualaz.org

Xəbərlər